Nyu-York şəhərində merin iqamətgahı yaxınlığında terror aktı törətməyə cəhd edən iki nəfər saxlanılıb. Hadisə Manhettendə etiraz aksiyası zamanı baş verib.
Nyu-York polisi martın 7-də günorta saatlarında Manhettendə Nyu-York meri Zöhran Mamdaninin iqamətgahı yaxınlığında baş verən insident zamanı iki nəfəri saxlayıb. Onlar əldəqayırma partlayıcı qurğulardan istifadə etməklə terror aktı törətməyə cəhd etməkdə şübhəli bilinirlər.
Polisin məlumatına görə, hadisə fələstin tərəfdarı aksiya iştirakçıları ilə mühafizəkar etirazçılar arasında qarşıdurma zamanı baş verib.
İlkin məlumata əsasən, 18 yaşlı Emir Balat mühafizəkar nümayişçilərin istiqamətinə qozlar, boltlar və vintlərlə doldurulmuş əldəqayırma partlayıcı qurğu atıb. Şahidlərin sözlərinə görə, o, qurğunu atmazdan əvvəl dini şüar səsləndirib.
Polis bildirir ki, qurğu futbol topundan bir qədər kiçik ölçüdə olan, qara izolyasiya lentinə bükülmüş və yandırılmış fitillə təchiz edilmiş bankadan ibarət olub.
Balat daha sonra 19 yaşlı şəriki İbrahim Nikkadan ikinci oxşar qurğunu götürüb, lakin onu əlindən salıb. Bundan sonra hər iki şəxs hadisə yerində saxlanılıb.
Xəsarət alanların olmadığı bildirilir. İlkin qurğu baryerə dəyərək sönüb və partlayış baş verməyib.
Hazırda hadisə ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Nyu-York polisi tərəfindən terrorizm maddəsi üzrə araşdırılır.