“Netflix” ilə “Warner Bros. Discovery” arasında planlaşdırılan birləşmə sazişi rəsmi şəkildə ləğv olunub. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi bildirişdə qeyd olunur ki, !Warner Bros. Discovery! 26 fevral tarixində “Paramount Global” tərəfindən təqdim edilən yenilənmiş təklifi “üstün təklif” kimi qiymətləndirərək “Netflix”-ə məlumat verib.
Bildirişə əsasən, “Warner Bros. Discovery” “Paramount” ilə birləşmə planını imzalamaq məqsədilə “Netflix” ilə mövcud razılaşmanı dayandırıb. Eyni zamanda, “Paramount Skydance” tərəfindən “Netflix”-ə ödənilməli olan 2,8 milyard dollar məbləğində ləğvetmə haqqı tam şəkildə ödənilib.
“Warner Bros. Discovery” daha əvvəl “Paramount”-un hər səhm üçün 31 dollar dəyərində təqdim etdiyi son təklifi şirkət üçün daha əlverişli hesab etdiyini açıqlamışdı. Mövcud birləşmə müqaviləsinə uyğun olaraq, “Netflix”-ə şərtləri dəyişmək və ya təklifi artırmaq üçün 4 iş günü vaxt verilsə də, şirkət təklifini artırmaqdan imtina edib.
Beləliklə, media və əyləncə sektorunda böyük rezonans doğuran “Netflix”–”Warner Bros. Discovery” birləşməsi baş tutmayıb və “Paramount”-un təklifi prosesdə üstünlük qazanıb.