Filippinin vitse-prezidenti Sara Duterte 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. Manila mərkəzli “Inquirer” qəzetinin məlumatına görə, Duterte bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
Açıqlamasında Sara Duterte həyatını, gücünü və gələcəyini Filippin xalqının xidmətinə həsr edəcəyini bildirib və prezidentlik yarışına qatılmaq qərarını ictimaiyyətə təqdim edib.
Duterte son dövrlər ölkə gündəminə onun barəsində başladılan impiçment prosesi fonunda gəlib. O, daha əvvəl Filippin Prezidenti Ferdinand Markos Jr-u “öldürtməklə hədələməsi” ilə bağlı iddialarla gündəmə gəlmişdi. Bu açıqlamalar ölkədə ciddi siyasi rezonans doğurmuşdu.
Məlumata görə, Sara Duterte 23 noyabr 2024-cü ildə verdiyi bəyanatda, özünün öldürüləcəyi təqdirdə Prezident Markos Jr, onun həyat yoldaşı Liza Araneta-Markos və Nümayəndələr Palatasının sədri olan əmisi oğlu Martin Romualdezə qarşı sui-qəsd təşkil edilməsi üçün adam tutduğunu demişdi. Bu sözlərə görə geniş tənqid olunan Duterte sonradan açıqlamasının real təhdid olmadığını, yalnız şəxsi təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə etdiyini bildirib.
Filippində müvafiq orqanlar 26 noyabr 2024-cü ildə Duterteyə rəsmi sorğu göndərərək, iddia edilən “ciddi təhdidlər”lə bağlı aparılan araşdırmaya aydınlıq gətirməsini istəyiblər.
Filippin Nümayəndələr Palatası 5 fevral 2025-ci ildə konstitusiyanın pozulması, korrupsiya və ictimai etimadın sarsıdılması ittihamları ilə Sara Dutertenin vəzifədən kənarlaşdırılmasını təsdiqləmişdi. Bununla belə, Filippin Senatı 7 avqust 2025-ci ildə impiçment prosesinin davam etdirilməməsi barədə qərar qəbul etmişdi.
Hazırda Nümayəndələr Palatası Sara Dutertenin vitse-prezident olduğu dövrdə və 19 iyun 2024-cü ildə istefa verdiyi Təhsil Nazirliyində ayrılmış məxfi vəsaitlərin mümkün sui-istifadəsi ilə bağlı araşdırmanı davam etdirir.