ABŞ administrasiyasının İranda etiraz aksiyaları zamanı məhdudlaşdırılan internetə çıxışı təmin etmək məqsədilə ölkəyə gizli şəkildə minlərlə Starlink peyk terminalı göndərdiyi iddia edilib.
“Wall Street Journal” (WSJ) qəzetinə danışan ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton rəhbərliyi İranda internetə çıxışın məhdudlaşdırılmasından sonra təxminən 6 min Starlink terminalını gizli yollarla ölkəyə daxil edib. Mənbələr bunun ABŞ-ın Starlink terminallarını İrana birbaşa göndərdiyi ilk əməliyyat olduğunu irəli sürüblər.
Rəsmilər ABŞ Dövlət Departamentinin əvvəlki aylarda, əsasən yanvar ayında olmaqla, təxminən 7 min Starlink terminalı satın aldığını iddia ediblər. Bildirilib ki, bu alışların məqsədi İranda fəalların internet kəsintilərini aşmasına yardım etmək olub.
Həmçinin qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp göndərişdən xəbərdar idi, lakin planın birbaşa kim tərəfindən təsdiqləndiyi dəqiq bilinmir.
İranda davam edən etirazlar zamanı internetin kəsilməsi fonunda bəzi etirazçılar amerikalı milyarder İlon Maskdan peyk internet xidməti göstərən Starlink vasitəsilə ölkə üzrə internet təmin etməsini istəmişdilər. Bundan sonra İran təhlükəsizlik qüvvələri ölkəyə qaçaq yollarla gətirilən Starlink terminallarını aşkarlamaq üçün genişmiqyaslı əməliyyatlara başlamışdı.
İran hakimiyyəti ölkədə qadağan olunmuş Starlink xidmətini böyük ölçüdə bloklamağa nail olduğunu açıqlayıb. İran Polis İdarəsinin İqtisadi Təhlükəsizlik Departamentinin rəhbəri Hüseyn Rəhimi yanvarın 27-də son 9 ay ərzində 108 Starlink peyk terminalının ələ keçirildiyini bildirmişdi.