Aleks Prettinin ölümündə iştirak edən ICE agentlərinin kimliyi açıqlandı

ABŞ-nin Minnesota ştatında Alex Prettinin ölümü ilə nəticələnən insidentdə iştirak edən iki ICE əməkdaşının kimliyi müəyyən edilərək açıqlanıb.

77

ABŞ-nin Minnesota ştatında Aleks Prettinin ölümü ilə nəticələnən insidentdə iştirak edən iki Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşının kimliyi müəyyən edilərək ictimaiyyətə açıqlanıb.

Müstəqil araşdırmaçı jurnalistika təşkilatı “ProPublica”nın yaydığı məlumata görə, hadisədə iştirak edən şəxslərin sərhəd patrul agenti Xesus Oçoa və gömrük və sərhəd mühafizə əməkdaşı Raymundo Qutyerres olduğu təsdiqlənib.

Bildirilir ki, 43 yaşlı Oçoa və 35 yaşlı Qutyerres 2025-ci ilin dekabrında başlanmış və şəhər miqyasında aparılan “Operation Metro Surge” adlı miqrasiya nəzarəti əməliyyatı çərçivəsində Minnesota ştatında xidmətə cəlb olunublar. Məlumata əsasən, Oçoa 2018-ci ildən, Qutyerres isə 2014-cü ildən etibarən ICE strukturunda çalışır və hər iki əməkdaş yüksək riskli əməliyyatlar həyata keçirən bölmədə xidmət göstərib.

Hadisə Minnesota ştatında miqrasiya əməliyyatları fonunda artan gərginlik dövrünə təsadüf edir. Yanvarın 7-də Minneapolis şəhərində ICE əməkdaşları miqrantlara qarşı əməliyyat zamanı 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Maklin Qudu avtomobilində güllələyərək öldürmüşdü və ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem həmin şəxsin ICE əməkdaşlarını avtomobillə vurmağa cəhd etdiyini iddia etmişdi.

Yanvarın 24-də isə Minneapolisdə keçirilən etiraz aksiyaları zamanı daha bir şəxs ICE əməkdaşları tərəfindən saxlanılmağa cəhd edilərkən güllələnərək öldürülüb. Rəsmi qurumlar sonuncu qurbanın 37 yaşlı amerikalı tibb işçisi Aleks Ceffri Pretti olduğunu və hadisə zamanı onun üzərində silah olduğunu açıqlayıb.