Vaşinqton şəhərində ABŞ ilə danışıqlar aparan Səudiyyə Ərəbistanı Müdafiə Naziri vəliəhd Xalid bin Salman İranla bağlı mövqeyini dəyişərək, ABŞ-ın İrana qarşı hərbi addım atmasını dəstəklədiyini açıqlayıb. Bu barədə məlumatı ABŞ medianın “Axios” xəbər saytı yayıb.
Bir müddət əvvəl Ər-Riyad rəhbərliyi İranla mümkün qarşıdurma zamanı öz hava məkanını ABŞ-ın istifadə etməsinə icazə verməyəcəyini bildirsə də, Bin Salmanın son açıqlaması bu mövqenin dəyişdiyini göstərir.
Vəliəhd Xalid bin Salman Vaşinqtondakı görüşləri çərçivəsində ABŞ Prezidenti Donald Tramp rəhbərliyinə İranla bağlı “tez bir hərəkətə keçmək” çağırışı edib və hərbi müdaxilənin gecikdirilməsinin Tehran rejimini daha da gücləndirə biləcəyini” vurğulayıb.
Səudiyyə tərəfi rəsmi olaraq İranın ərazi bütövlüyünə hörmət etdiyini və diplomatik həll yollarına üstünlük verdiyini bildirib. Lakin Müdafiə Naziri bin Salman mənbələrə görə, daha sərt mövqe nümayiş etdirərək ABŞ-ın hərəkətə keçməsinin zəruriliyini vurğulayıb və bu mövqenin İran-ABŞ gərginliyi fonunda formalaşdığı qeyd olunur.
Bəzi regional analitiklər bu dəyişiklikdə Ər-Riyadın ABŞ-ın qərarlarını dəstəkləməyə hazır olduğunu, eyni zamanda bölgədəki sabitliyin qorunmasının vacibliyini nəzərə aldığını bildirir.