Avropa İttifaqı “WhatsApp”-ı “çox böyük onlayn platforma” kimi təsnif etdi

Avropa İttifaqı "WhatsApp"-ı DSA çərçivəsində daha sərt qaydalara tabe olan “çox böyük onlayn platforma” kimi müəyyənləşdirib və əlavə öhdəliklər tətbiq edib.

86

Avropa İttifaqı Avropa Komissiyası “Meta” şirkətinə məxsus mesajlaşma və zəng tətbiqi **WhatsApp**ı Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində “çox böyük onlayn platforma” kimi təsnif edib. Komissiyanın açıqlamasına görə, “WhatsApp”-ın Aİ ölkələrində aylıq aktiv istifadəçi sayı 45 milyon həddini keçdiyi üçün bu statusa daxil edilib.

Açıqlamada “WhatsApp”-ın özəl mesajlaşma xidməti ilə yanaşı onlayn platforma xüsusiyyətləri daşıyan hibrid xidmət olduğu xatırladılıb. Xüsusilə istifadəçilərə məlumat, yenilik və elanları geniş auditoriyaya yaymaq imkanı verən “WhatsApp” kanalları funksiyasının onlayn platforma anlayışına daxil olduğu və buna görə də Aİ-də onlayn platformalara tətbiq edilən ümumi öhdəliklərə tabe olduğu bildirilib.

Yeni təsnifata əsasən, “WhatsApp”-a əlavə hüquqi tələblərə uyğunlaşmaq üçün may ayının ortalarına qədər vaxt verilib. Bu öhdəliklər xidmətlərdən qaynaqlanan sistemli risklərin – əsas insan hüquqları və ifadə azadlığının pozulması ehtimalı, seçki proseslərinin manipulyasiyası, qanunsuz məzmunun yayılması və məxfiliklə bağlı narahatlıqların – müvafiq şəkildə qiymətləndirilməsi və azaldılmasını əhatə edir.

Aİ daxilində “Facebook”, “Instagram”, “YouTube” və “LinkedIn” kimi platformalar da “çox böyük” statusuna malikdir və qanunsuz və zərərli məzmunla daha fəal mübarizə aparmaq öhdəliyi daşıyır. Aİ rəsmiləri bu addımın rəqəmsal mühitdə təhlükəsizliyi və şəffaflığı artırmağa yönəldiyini vurğulayır.