İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın görüşü olub

Prezident İlham Əliyev Davosda ABŞ Prezidenti Donald Trampla görüşərək sülh gündəliyi və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

105
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.
Görüş zamanı Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolunun xüsusi vurğulandığı bildirilib.
Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunaraq artıq regionda sülhün mövcud olduğunu və bunun iki ölkə arasında ticarət münasibətlərinin formalaşmasında da özünü göstərdiyini qeyd edib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracı və idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırılması nümunə kimi göstərilib.
Prezident İlham Əliyev Zəngəzur dəhlizinin və TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını vurğulayıb. Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həllinə töhfə verməsi baxımından önəmi qeyd edilib.
Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrin perspektivləri, qarşılıqlı səfərlərin və müxtəlif səviyyəli təmasların münasibətlərin dərinləşdirilməsində rolu ətrafında fikir mübadiləsi aparıblar.
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
27 aprel 2026