Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Görüş zamanı Marta Kos ötən il Azərbaycana, o cümlədən Qarabağa səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.
Söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda enerji təhlükəsizliyi, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə xüsusi vurğulanıb.
Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə, eləcə də Naxçıvanın dəmir yolu xəttinin bərpası ilə bağlı layihələrə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb və bu istiqamətdə perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.