İlham Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində “J.P. Morgan” şirkətinin sədri və CEO-su Ceymi Daymon ilə görüşərək qlobal maliyyə bazarları və uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə edib.

95

Yanvarın 20-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan ABŞ-ın “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, bu tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını qeyd edib. Dövlət başçısı Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin ardıcıl iqtisadi və maliyyə siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Ceymi Daymon Azərbaycanın beynəlxalq maliyyə bazarlarında nüfuzunu yüksək qiymətləndirərək, ölkəmizdə sabit və proqnozlaşdırıla bilən investisiya mühitinin mövcud olduğunu bildirib. O, Azərbaycanın ardıcıl və məsuliyyətli maliyyə siyasəti həyata keçirdiyini qeyd edib, rəhbərlik etdiyi “J.P. Morgan” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Bildirilib ki, bu tərəfdaşlıq möhkəm institusional əsaslara söykənir və gələcəkdə daha da dərinləşdirilməsi istiqamətində maraq mövcuddur.

Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti, makroiqtisadi çağırışlar, eləcə də qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün yaranan yeni imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutlarından biri hesab olunur.