Bu il 98-ci dəfə keçiriləcək “Oscar” Mükafatlarının namizədləri ABŞ-ın Kaliforniya ştatında yerləşən Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən açıqlanıb.
Namizədlərin elan olunduğu mərasimdə təqdimatçılıq 2024-cü il istehsalı “The Color Purple” filmi ilə tanınan Danielle Bruks və “Top Gun: Maverick” filmi ilə məşhurlaşan Lyuis Palman tərəfindən həyata keçirilib. 98-ci “Oscar” mərasimi 15 mart 2026-cı il tarixində baş tutacaq və gecənin aparıcısı amerikalı komediyaçı Konan O’Brayn olacaq.
“Ən Yaxşı İkinci Plan Qadın Aktyor” nominasiyasında “Sentimental Value” filmindən Elle Fanninq və İnqa İbsdotter Lilleaas, “Weapons” filmindən Emi Madiqan, “Sinners” filmindən Vunmi Mosaku və “One Battle After Another” filmindən Teyana Teylor namizəd göstərilib.
“Ən Yaxşı İkinci Plan Kişi Aktyor” kateqoriyasında isə Benisio Del Toro, Ceykob Elordi, Delroy Lindo, Şon Penn və Stellan Skarsqard mükafat uğrunda yarışacaq.
“Ən Yaxşı Xarici Dildə Film” kateqoriyasında Braziliyadan “The Secret Agent”, Fransadan “It Was Just an Accident”, Norveçdən “Sentimental Value”, İspaniyadan “Sirat” və Tunisdən “The Voice of Hind Rajab” filmləri namizəd olub.
“Ən Yaxşı Film” nominasiyasında isə “Bugonia”, “F1”, “Frankenstein”, “Hamnet”, “Marty Supreme”, “One Battle After Another”, “The Secret Agent”, “Sentimental Value”, “Sinners” və “Train Dreams” filmləri yarışacaq.
“Ən Yaxşı Rejissor” nominasiyasında Pol Tomas Anderson, Rayan Kuqler, Coş Sefdi, Coaxim Trier və Çlo Zao namizəd göstərilib.
“Ən Yaxşı Kişi Aktyor” kateqoriyasında Timoti Çalamet, Leonardo DiCaprio, Etan Houkk, Maykl B. Cordan və Vagner Moura, “Ən Yaxşı Qadın Aktyor” kateqoriyasında isə Cessi Bakli, Rouz Bayrn, Keyt Hadson, Renata Reinsve və Emma Stoun yer alıb.
“Sinners” filmi ümumilikdə 16 nominasiya qazanaraq Oskar tarixində ən çox namizəd göstərilən film kimi rekorda imza atıb. Digər əsas kateqoriyalarda da “Frankenstein”, “Hamnet”, “Marty Supreme” və “One Battle After Another” filmləri ön plana çıxır.