Çindən olan 14 yaşlı Çen Çjen 3×3×3 Rubik kubunu bir əllə yığmaq üzrə orta nəticəni 7 saniyədən aşağı salan ilk şəxs olub. O, 6,99 saniyəlik göstərici ilə yeni dünya rekordu müəyyənləşdirib.
MSNews.az xəbər verir ki, rekord iyulun 25-də Çinin Anhoy əyalətinin Uhu şəhərində keçirilən “Wuhu Open 2026″ turnirinin finalında qeydə alınıb. Dünya Kub Assosiasiyasının (WCA) rəsmi nəticələrində Çen Çjenin 6,99 saniyəlik orta göstəricisi dünya rekordu kimi təsdiqlənib.
Çen beş cəhddə Rubik kubunu müvafiq olaraq 7,27, 7,07, 6,12, 9,48 və 6,64 saniyəyə yığıb. WCA qaydalarına əsasən, orta nəticə hesablanarkən ən sürətli və ən yavaş cəhd nəzərə alınmır. Qalan üç nəticənin ortası 6,99 saniyə təşkil edib.
Onun 6,12 saniyəlik ən sürətli cəhdi eyni zamanda Çin üzrə bir əllə 3×3×3 Rubik kubunun yığılması üzrə milli rekord olub.
Əvvəlki dünya rekordu 7,72 saniyə idi və amerikalı Luke Garrett tərəfindən 2025-ci ilin martında müəyyənləşdirilmişdi. Həmin nəticə 2026-cı ildə filippinli Crimson Arradaza tərəfindən də təkrarlanmışdı.
“China Daily” yazır ki, Çen Rubik kubunu ilk dəfə 7 yaşında yığmağı öyrənib, 2020-ci ildən isə speedcubing ilə daha ciddi məşğul olmağa başlayıb. 2024-cü ilin əvvəlindən əsas diqqətini bir əllə yığma texnikasına yönəldib və gündə təxminən 90 dəqiqə məşq edib.
Qeyd edək ki, ilkin məlumatlarda Çen Çjenin 13 yaşında olduğu göstərilsə də, Çin mənbələri və daha sonrakı materiallar onun rekord zamanı 14 yaşında olduğunu bildirir.