Süni intellektlə yaradılan Aitana Lopez sosial mediada diqqət çəkir

İspaniyada yaradılan süni intellekt modeli Aitana Lopez həm Instagram izləyici sayı, həm də reklam gəlirləri ilə diqqət çəkir.

20

Süni intellekt vasitəsilə yaradılan ispaniyalı virtual model “Aitana Lopez” sosial mediada yenidən diqqət mərkəzinə düşüb.

İspaniyada fəaliyyət göstərən “The Clueless” agentliyinin yaratdığı çəhrayı saçlı rəqəmsal modelin bioqrafiyasında onun Barselonadan olduğu, oyun, fitnes və kospley həvəskarı kimi təqdim edildiyi bildirilir. Aitana layihəsinin arxasında agentliyin qurucularından biri olan Ruben Kruz dayanır.

Aitana Lopez barədə ilk geniş yayılan məlumatlarda onun 25 yaşlı virtual model kimi təqdim edildiyi və ayda 10 min avroya qədər gəlir əldə edə bildiyi bildirilirdi. “Euronews”-un yazdığına görə, layihə əvvəlcə agentliyin gəlirlərini sabitləşdirmək məqsədilə yaradılıb və Aitananın orta aylıq gəliri təxminən 3 min avro, bəzi aylarda isə 10 min avroya qədər yüksəlib.

Hazırda Aitananın rəsmi “Instagram” hesabında təxminən 392 min izləyici görünür.

Aitana Lopez nümunəsi süni intellektlə yaradılmış influenserlərin reklam və moda bazarında sürətlə genişləndiyini göstərən son nümunələrdən biri sayılır. Media hesabatlarına görə, bu cür virtual personajlar artıq brend əməkdaşlıqları, sponsorlu paylaşımlar və ödənişli platformalar üzərindən real gəlir formalaşdırmağa başlayıb.