Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə yayılan məlumatlar təkzib edilib. Media və Yayım Şurası iddiaların əsassız olduğunu açıqlayıb.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 15-də Media və Yayım Şurasının yaydığı açıqlamada bildirilib. Məlumatı “APA” və “Trend” yayıb.
Şuranın məlumatına görə, Fransadan idarə olunduğu bildirilən bir “YouTube” kanalında Söyüdlü kəndinin və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı üçün köçürüləcəyi barədə iddialar dövlət qərarı kimi təqdim edilib.
Qurum bu məlumatları ictimai rəyi manipulyasiya etməyə, əhali arasında təşviş yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.
Açıqlamada sözügedən kanalın əvvəllər də Azərbaycanla bağlı manipulyativ məlumatlar yaydığı iddia olunub.
Məsələ ilə bağlı Meta şirkətinə rəsmi müraciət ünvanlanıb. Şura şirkətin müraciəti araşdıracağına və təsdiqlənməmiş məlumatların yayılmasının qarşısını almaq üçün tədbirlər görəcəyinə ümid etdiyini bildirib.
Media və Yayım Şurası vətəndaşları şayiələrə inanmamağa, media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini isə məlumatları rəsmi mənbələr əsasında yoxlamağa çağırıb.