Şimali Koreya 78 ildən sonra dövlət bayrağını dəyişdi

Şimali Koreya 1948-ci ildən bəri ilk dəfə dövlət bayrağının ölçü nisbətlərini dəyişib. Konstitusiya dəyişikliyi ilə bayrağın eni azaldılıb, əsas dizaynı isə qorunub.

82

Şimali Koreya 1948-ci ildə dövlətin yaradılmasından bəri ilk dəfə milli bayrağının ölçü nisbətlərini dəyişdirib. Yeni konstitusiyaya əsasən, bayrağın eni azaldılsa da, əsas dizayn elementləri olduğu kimi saxlanılıb.

MSNews.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi məlumat yayıb.

Noyabrın 13-də Şimali Koreyanın Naenara dövlət portalında dərc olunan yenilənmiş konstitusiyanın 166-cı maddəsinə əsasən, bayrağın eninin hündürlüyünə nisbəti 2:1-dən 1,65:1-ə endirilib.

Beləliklə, bayrağın uzunluğu hündürlüyünə nisbətən azaldılıb. Əvvəlki ölçü standartı ölkənin yarandığı 1948-ci ildən, o cümlədən 2023-cü ilin sentyabrında aparılmış konstitusiya dəyişikliklərindən sonra da qüvvədə qalmışdı.

Dəyişikliyə baxmayaraq, bayrağın əsas görünüşü qorunub. Mərkəzdəki geniş qırmızı zolaq, onun yuxarı və aşağı hissələrindəki ağ və mavi zolaqlar, həmçinin ağ dairənin içərisində yerləşən beşguşəli qırmızı ulduz dəyişməz qalıb.

“The Korea Herald” nəşrinin məlumatına görə, ekspertlər bu addımı Şimali Koreya lideri Kim Çen Inın ölkənin milli kimliyini yenidən formalaşdırmaq siyasəti ilə əlaqələndirirlər.

Bununla belə, Pxenyan hakimiyyəti bayrağın ölçülərinin dəyişdirilməsinin konkret səbəbini açıqlamayıb.