Putinin nəvəsinə “Zelenski” soyadı verilməyib – SƏBƏB

Rusiya Prezidenti Vladimir Putinin qızının 2025-ci ildə oğul övladı dünyaya gətirdiyi bildirilir. Uşağa atasının Ukrayna Prezidenti ilə eyni olan soyadının verilməməsi diqqət çəkib.

65

Rusiya Prezidenti Vladimir Putinin kiçik qızı Katerina Tixonovanın 2025-ci ilin avqustunda oğul övladı dünyaya gətirdiyi və uşağa ehtimal edilən atasının deyil, anasının soyadının verildiyi bildirilir. İddialara görə, buna səbəb atasının soyadının Ukrayna Prezidenti Volodimir Zelenskinin soyadı ilə eyni olmasıdır.

MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti Rusiyanın araşdırmaçı jurnalistika platforması “Agentstvo”nun əldə etdiyi sızdırılmış qeydiyyat məlumatlarına istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, Katerina Tixonovanın 15 avqust 2025-ci ildə Moskvada oğlan uşağı dünyaya gətirdiyi iddia olunur. Uşağın ehtimal edilən atası Rusiyalı baletmeyster, Bavariya Dövlət Baletinin keçmiş rəhbəri İqor Zelenskidir.

İqor Zelenskinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə qohumluğu yoxdur. Bununla belə, “Bild” nəşri uşağa atasının soyadının verilməməsini məhz bu ad oxşarlığı ilə əlaqələndirir.

“The Moscow Times” nəşrinin məlumatına görə, sızdırılmış sənədlərdə uşağın doğum şəhadətnaməsinin yalnız 10 iyul 2026-cı ildə, doğumundan təxminən 11 ay sonra rəsmiləşdirildiyi göstərilir. Gecikmənin səbəbi məlum deyil.

Araşdırmada Tixonova ilə İqor Zelenskinin 2017-ci ildə doğulan qızının əvvəlcə atasının soyadını daşıdığı, daha sonra isə xarici səfərlərdə anasının soyadı ilə rəsmiləşdirilmiş pasportdan istifadə etdiyi iddia olunur.