Rusiyada tanınmış jurnalist və publisist Aleksandr Nevzorov terrorçular və ekstremistlər siyahısına daxil edilib. Qərar Rusiya Federal Maliyyə Monitorinqi Xidməti (Rosfinmonitorinq) tərəfindən qəbul olunub. Bununla da jurnalistin ölkə daxilindəki bank hesabları və maliyyə əməliyyatları məhdudlaşdırılacaq.
MSNews.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi və “Kommersant” qəzeti məlumat yayıb. Müvafiq qeyd oktyabrın 15-də Rosfinmonitorinqin reyestrində yerləşdirilib.
Rusiya qanunvericiliyinə əsasən, siyahıya daxil edilən şəxslərin ölkə ərazisindəki bank hesabları bloklanır və onların maliyyə xidmətlərindən istifadəsinə ciddi məhdudiyyətlər qoyulur.
Aleksandr Nevzorov 2022-ci ildə Rusiya hakimiyyəti tərəfindən “xarici agent” elan olunub. Jurnalist Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra ölkəni tərk edib və hazırda xaricdə yaşayır.
2023-cü ilin fevralında Moskvanın Basmannı Rayon Məhkəməsi Nevzorovu Rusiya Silahlı Qüvvələri haqqında hakimiyyətin yalan hesab etdiyi məlumatları yaymaq ittihamı ilə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. Jurnalistin müdafiə tərəfi həmin hökmlə razılaşmayıb.
2024-cü ilin iyulunda isə Sankt-Peterburq məhkəməsi Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovanın daxil olduğu birliyi ekstremist təşkilat kimi tanıyaraq onun Rusiyadakı fəaliyyətini qadağan edib. Məhkəmənin qərarı əsasında ailəyə məxsus bəzi əmlaklar dövlətin xeyrinə müsadirə olunub.
2025-ci ildə Rusiya hüquq-mühafizə orqanları Nevzorov və həyat yoldaşı barəsində ekstremist fəaliyyətin maliyyələşdirilməsi ittihamı ilə yeni cinayət işi başlayıblar. İstintaqın iddiasına görə, jurnalist sosial şəbəkələrdə pul toplamaq üçün paylaşımlar edib və həmin vəsaitlərin qadağan olunmuş birliyin fəaliyyətinə yönəldilməsi nəzərdə tutulub.
2026-cı ilin avqustunda Sankt-Peterburq məhkəməsi Nevzorov barəsində qiyabi həbs qərarı qəbul edib.