Antik Romanın Pompey şəhərində dini ayinlərdə istifadə olunan tüstülərlə bağlı uzun illərdir cavabsız qalan suallardan biri aydınlaşıb.
“Sözcü”-nün dərc etdiyi materiala görə, arxteoloqlar Vezuvi vulkanının eramızın 79-cu il püskürməsi nəticəsində qorunub qalan buxurdanlıqlardakı kömürləşmiş qalıqları analiz edərək romalıların ev ayinlərində nə yandırdığını müəyyən ediblər.
Məqalədə bildirilir ki, Sürix Universitetindən doktor Yohannes Eber və komandası mikroskopiya və spektroskopiya üsulları ilə apardıqları araşdırma zamanı buxurdanlıqlarda məşhur “frankincense” deyil, “Elemi” adlı daha nadir qatran növünü aşkarlayıb. Nəşr yazır ki, bu maddə əsasən Hindistan və ya Afrika meşələrində yetişən ağaclardan əldə olunur və onun Pompey kimi Roma yaşayış məntəqəsində tapılması alimləri təəccübləndirib.
Araşdırma yalnız qatranla məhdudlaşmayıb. Qalıqlar arasında üzüm mənşəli maddələrə, yəni şərab izlərinə də rast gəlinib. Xəbərə görə, bu nəticə antik mənbələrdə və təsviri sənətdə qeyd olunan “praefatio” ritualını fiziki dəlillərlə təsdiqləyir. Romalılar tüstü ilə birlikdə şərabı da yandıraraq tanrılar aləminə həm qoxu, həm də tüstü vasitəsilə simvolik “körpü” qururdular.
Materialda qeyd edilir ki, buxurdanlıqlarda aşkar edilən ağac növləri də ritualın mənəvi tərəfini göstərir. Meşə palıdı Yupiterlə əlaqələndirilir, dəfnə yarpaqları və budaqları isə Apollona ithaf olunan mərasimlərlə bağlanır. Beləliklə, ilk baxışda sadə görünən ev ayinlərinin əslində uzaq ticarət şəbəkələrindən gələn materiallarla zənginləşdirilmiş mürəkkəb mərasimlər olduğu ortaya çıxır.
Bu tapıntı Pompeyin yalnız faciə ilə yox, həm də gündəlik dini həyatın canlı izi kimi nə qədər mühüm arxeoloji məkan olduğunu bir daha göstərir. Məqalənin əsas nəticəsi budur ki, təxminən 2 min il əvvəl Pompey sakinlərinin evlərini qorumaq və tanrıları razı salmaq üçün yandırdığı tüstülərin “qoxusal izi” müasir elmin köməyi ilə ilk dəfə bərpa olunub.