PETA-dan “Kristal Pelas”a çağırış: Qartaldan imtina edin!

PETA İngiltərənin “Kristal Pelas” klubundan canlı qartalı maskot kimi istifadə etməyi dayandırmağı tələb edib. Təşkilat bunun quş və azarkeşlər üçün təhlükəli olduğunu bildirib.

42

Dünyanın ən tanınmış heyvan hüquqları təşkilatlarından biri olan PETA İngiltərənin “Kristal Pelas” futbol klubuna müraciət edərək ev oyunlarında canlı qartaldan maskot kimi istifadəni dayandırmağa çağırıb. Təşkilat bunun həm quşun sağlamlığı, həm də azarkeşlərin təhlükəsizliyi üçün risk yaratdığını bildirib.

MSNews.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. PETA klubun baş icraçı direktoru Şeron Leysiyə ünvanladığı məktubda “Feniks” adlı ağbaş qartalın stadiondakı tədbirlərdə iştirakına birdəfəlik son qoyulmasını tələb edib.

Heyvan hüquqları müdafiəçilərinin fikrincə, stadiondakı güclü işıqlar, yüksək səs-küy və minlərlə azarkeşin yaratdığı mühit quşda qorxu, istiqamətini itirmə və panikaya səbəb ola bilər. Bu isə həm heyvanın özünə, həm də tribunadakı tamaşaçılara təhlükə yarada bilər.

PETA-nın nümayəndəsi Karis Bennett bildirib ki, azadlığın simvolu sayılan qartaldan futbol azarkeşlərini əyləndirmək üçün istifadə olunması düzgün deyil. Təşkilat klubun artıq insan tərəfindən canlandırılan maskotunun olduğunu xatırladaraq canlı heyvanlardan istifadəyə ehtiyac qalmadığını vurğulayıb.

Qeyd edək ki, “Kristal Pelas” 1973-cü ildən “Qartallar” ləqəbi ilə tanınır. Klub 2010-cu ildən ev oyunlarında canlı qartaldan istifadə etməyə başlayıb. Əvvəlki maskot “Kayla” 2020-ci ildə ölüb, onun yerini isə 2024-cü ildə “Feniks” tutub.

PETA keçmişdə yaşanan təhlükəli hadisələri də xatırladıb. Belə ki, 2015-ci ildə bir azarkeşin “Kayla”ya zərbə endirməyə cəhd göstərdiyi bildirilir.

Klub rəhbərliyi PETA-nın müraciətinə hələlik ictimai cavab verməyib. Təşkilat isə “Kristal Pelas”ın gələcəkdə canlı heyvanlardan maskot kimi istifadə etməyəcəyinə dair öhdəlik götürməsini istəyir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.