İraqda Baş nazir Əli əz-Zeydi hökuməti ilə İranın dəstəklədiyi “Kətaib Hizbullah” silahlı qruplaşması arasında ciddi qarşıdurma yaranıb. Neft qaçaqmalçılığı ittihamları fonunda Bağdadın Curf əs-Səxər bölgəsinə qoşun yeritmək qərarı hərbi toqquşma təhlükəsini artırsa da, sonradan tərəflər arasında ilkin razılaşma əldə olunub.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, İraq hakimiyyəti qruplaşmanı dövlətə məxsus neftin qanunsuz dövriyyəsini təşkil etməkdə ittiham edir. Araşdırma nəticəsində təhlükəsizlik və neft sektorunun doqquz yüksəkvəzifəli əməkdaşı işdən çıxarılıb.
Baş nazir Əli əz-Zeydi “Kətaib Hizbullah”dan Curf əs-Səxər bölgəsini tərk etməyi tələb edərək əraziyə hökumət qüvvələrinin yerləşdirilməsi barədə göstəriş verib.
Qruplaşma ittihamları rədd edib və silahlarını təhvil verməyəcəyini açıqlayıb. Təşkilat nümayəndələri bölgədən çıxmayacaqlarını bildirərək hökumətin addımlarını siyasi təzyiq kimi qiymətləndiriblər.
“Euronews” nəşrinin məlumatına görə, İranın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani də böhranın həlli üzrə təmaslarda iştirak edib. Onun “Kətaib Hizbullah” rəhbərliyi ilə görüşündə gərginliyin azaldılması müzakirə olunub.
Lakin noyabrın 19-da vəziyyətdə dəyişiklik baş verib. “Reuters” agentliyinə danışan üç yüksəkvəzifəli təhlükəsizlik rəsmisi hökumətlə qruplaşma arasında silahlı qarşıdurmanın qarşısını almaq üçün kompromis əldə edildiyini bildirib.
Razılaşmaya əsasən, İraqın təhlükəsizlik qüvvələrinin noyabrın 20-də Curf əs-Səxərə yerləşdirilməsi nəzərdə tutulur. Ərazidə ordu, federal polis və Əl-Həşd əş-Şəabi qüvvələrinin birgə fəaliyyət göstərməsi planlaşdırılır.
Qeyd edək ki, Curf əs-Səxər İranın dəstəklədiyi silahlı birləşmələrin İraqdakı əsas dayaq məntəqələrindən biri hesab olunur. Bölgəyə nəzarət məsələsi Bağdadın silahlı qruplaşmalar üzərində dövlət hakimiyyətini gücləndirmək siyasətində mühüm əhəmiyyət daşıyır.