“İnsanyönümlü şəhərlər” hakatonunun qalibləri müəyyənləşib

Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin təşkil etdiyi “İnsanyönümlü şəhərlər” hakatonu yekunlaşıb. 25 komandadan 10-u finala yüksəlib, 3 komanda qalib seçilib.

104

Azərbaycan Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb. Final mərhələsində 10 komanda mübarizə aparıb, onlardan 3-ü qalib seçilib.

MSNews.az xəbər verir ki, 11–13 noyabr tarixlərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan hakatonun məqsədi gənclərin şəhər mühitinin inkişafına dair innovativ ideyalarını üzə çıxarmaq, süni intellekt əsaslı həllərin hazırlanmasını və perspektivli layihələrin startaplara çevrilməsini təşviq etmək olub.

Hakatonun noyabrın 11-də keçirilən ilkin mərhələsində 25 komanda ictimai məkanlar, inklüzivlik və əlçatanlıq, piyada və dayanıqlı mobillik, yaşıl şəhər və ağıllı şəhər istiqamətləri üzrə layihələr hazırlayıb. Mentorların qiymətləndirməsindən sonra hər istiqamət üzrə 2 komanda olmaqla, ümumilikdə 10 komanda finala vəsiqə qazanıb.

Noyabrın 13-də keçirilən final mərhələsində komandalar layihələrini münsiflər heyətinə təqdim ediblər. Nəticələrə əsasən, “NeuraCity” birinci, “Humanİz” ikinci, “Zəngəzur” isə üçüncü yerə layiq görülüb.

Bağlanış mərasimində Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Cahangir Məmmədrzayev iştirak ediblər. Çıxışlarda gənclərin şəhərsalmanın gələcəyində rolu və innovativ təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

Vəliyev hakatona 500-dən çox gəncin müraciət etdiyini, ilkin qeydiyyatdan isə 95 komandanın keçdiyini bildirib.

Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.

Qeyd edək ki, hakaton Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt Strategiyasının prioritetlərinə uyğun olaraq gənclərin texnoloji potensialının artırılmasını və ölkədə süni intellekt ekosisteminin inkişafını hədəfləyib.