İlon Maskdan sensasion etiraf: “Ukraynada çevrilişi ABŞ təşkil edib”

İlon Mask ABŞ-ni 2014-cü ildə Ukraynada Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasını təşkil etməkdə ittiham edib. O, Rusiyanın təcavüzkar olduğunu da qəbul edib.

30

Amerikalı milyarder İlon Mask 2014-cü ildə Ukraynada hakimiyyət dəyişikliyinin ABŞ tərəfindən təşkil edildiyini iddia edib. O, Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar tərəf olduğunu qəbul etsə də, Vaşinqtonun Maydan hadisələrində həlledici rol oynadığını bildirib.

MSNews.az xəbər verir ki, Mask bu fikirləri noyabrın 18-də “The New York Times” tərəfindən təşkil olunan “DealBook” sammitində jurnalist Endryu Ross Sorkinlə müsahibəsi zamanı səsləndirib.

Maskın sözlərinə görə, ABŞ 2014-cü ildə Ukraynanın demokratik yolla seçilmiş, Rusiyameyilli prezidenti Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasında iştirak edib.

“İşğal baxımından Rusiyanın təcavüzkar olduğu doğrudur. Lakin amerikalıların Ukraynanın demokratik yolla seçilmiş Rusiyameyilli prezidentini devirmək üçün çevriliş təşkil etdiyi də doğrudur”, – deyə Mask iddia edib.

O, ABŞ Dövlət Departamentinin və digər dövlət qurumlarının iştirakı olmadan həmin hadisələrin baş verməyəcəyini irəli sürüb.

Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada kütləvi Maydan etirazlarından sonra Viktor Yanukoviç ölkəni tərk edib və parlament onun prezident səlahiyyətlərinə xitam verilməsi istiqamətində qərar qəbul edib.