Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq, enerji təhlükəsizliyi və regional nəqliyyat layihələri müzakirə olunub.
MSNews.az xəbər verir ki, görüş zamanı Vadeful Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırıb. İlham Əliyev də öz növbəsində salamlarını Almaniya rəhbərliyinə ünvanlayıb.
Tərəflər Prezident İlham Əliyevin bu ilin iyulunda Almaniyaya rəsmi səfərini və həmin vaxt imzalanmış strateji tərəfdaşlıq sənədlərini müsbət qiymətləndiriblər. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının iqtisadi əlaqələrin inkişafına töhfəsi vurğulanıb.
Görüşdə Azərbaycanın 2026-cı ildən Almaniyaya təbii qaz ixracına başlaması xüsusi qeyd edilib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu və ənənəvi, eləcə də bərpaolunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Bundan əlavə, sərmayələr, ticarət, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin genişləndirilməsi, Azərbaycanın Orta Dəhlizdə strateji rolu və Avropa İttifaqı ilə münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.





