İran təyyarəsi İstanbulda uçuşa saniyələr qalmış saxlanıldı

İranın "Caspian Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinə İstanbul Hava Limanında təxminən 3 milyon avroluq borc iddiası üzrə həbs qoyulub. Sərnişinlər təyyarədən endirilib.

6

İranın “Caspian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə İstanbul Hava Limanında təxminən 3 milyon avroluq borc mübahisəsi çərçivəsində həbs qoyulub. İrana uçmağa hazırlaşan təyyarənin havaya qalxmasına icazə verilməyib, sərnişinlər isə təyyarədən endirilərək terminala qaytarılıb.

MSNews.az xəbər verir ki, hadisə sentyabrın 28-də baş verib. Türkiyənin “DHA” agentliyinin məlumatına görə, hüquqi proses “Caspian Airlines”-ın aviasiya sektorunda təmsilçilik və nəzarət xidmətləri göstərən şirkətə borcu ilə əlaqədar başlanıb.

Türkiyə mediasının məlumatına görə, söhbət “ACM Temsil Gözetim” şirkətinin “Caspian Airlines”-dan tələb etdiyi təxminən 3 milyon avroluq alacaqdan gedir. Şirkətin müraciətindən sonra məhkəmə qərarı əsasında icra proseduruna başlanılıb.

Bu zaman “Caspian Airlines”-a məxsus EP-KPB qeydiyyat nişanlı təyyarə İstanbuldan İrana uçmağa hazırlaşırdı. Kreditor tərəfin vəkilləri və icra məmurları hava limanına gələrək təyyarənin havaya qalxmasının qarşısının alınmasını tələb ediblər.

Bundan sonra uçuş dayandırılıb. Təyyarədə olan sərnişinlər endirilərək terminala aparılıb, hava gəmisinə isə məhkəmə qərarı çərçivəsində həbs – icra tədbiri tətbiq edilib.

Burada “təyyarənin həbs edilməsi” ifadəsi hüquqi mənada işlədilir: ekipaj və ya sərnişinlərin saxlanılmasından deyil, borcun təmin edilməsi məqsədilə hava gəmisinin üzərinə həbs qoyulmasından və onun uçuşunun məhdudlaşdırılmasından söhbət gedir.

“ACM Temsil Gözetim” ilə “Caspian Airlines” arasında borcla bağlı hüquqi proses davam edir. Hadisədən sonra təyyarənin nə vaxt sərbəst buraxılacağı və sərnişinlərin İrana hansı reyslə göndəriləcəyi barədə geniş rəsmi məlumat açıqlanmayıb.