Hörmüz boğazında gərginlik yenidən artdı

İran Hörmüz boğazında nəzarəti sərtləşdirib, gəmilərə atəş açılıb. Hindistan etiraz edib, ABŞ isə blokadanı davam etdirəcəyini açıqlayıb.

21

İran 18 aprel 2026-cı ildə Hörmüz boğazında nəzarəti yenidən sərtləşdirərək qısa fasilədən sonra dəniz keçidini faktiki olaraq məhdudlaşdırıb. Rəsmi Tehranın açıqlamasına görə, boğaz “silahlı qüvvələrin ciddi nəzarəti altında” əvvəlki rejimə qaytarılıb. Bu addım ABŞ-la artan qarşıdurma fonunda atılıb.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UK Maritime Trade Operations) bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusuna aid katerlər tankerlərdən birinə atəş açıb. Eyni zamanda, “mənşəyi bilinməyən mərmi”nin konteyner gəmisinə dəyərək yükə ziyan vurduğu qeyd olunur. Dəniz monitorinq platformalarının məlumatına görə, Hindistan bayrağı altında üzən gəmilər də daxil olmaqla bir neçə tanker geri çəkilməyə məcbur olub.

Məlumata əsasən, 50 günlük blokadadan sonra boğazda qısa müddətli keçid imkanı yaradılsa da, bu “açıq pəncərə” 24 saatdan az davam edib. Dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji marşrutda yüzlərlə gəmi dayanmalı olub, daşınma xərcləri isə kəskin artıb.

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-ın tətbiq etdiyi blokadanın qüvvədə qaldığı müddətdə hər hansı geniş açılışa icazə verilməyəcəyini bəyan edib. ABŞ tərəfi isə mövqeyini sərtləşdirərək blokadanın davam edəcəyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, “blokada tam gücü ilə qüvvədə qalacaq”.

Digər tərəfdən, Hindistan hökuməti öz tankerinin hücuma məruz qalmasından sonra Tehrana rəsmi etirazını çatdırıb. Mənbələrə görə, “Sanmar Herald” adlı tankerə atəş açılsa da, ekipajın təhlükəsiz olduğu bildirilib. Hindistan İran səfirini Xarici İşlər Nazirliyinə çağıraraq izahat tələb edib.

Beynəlxalq media, o cümlədən “Reuters”, həmin gün ən azı iki ticarət gəmisinin də atəşə məruz qaldığını yazır. Dəniz izləmə məlumatları isə göstərir ki, bir sıra tankerlər İranın nəzarətində olan Larak adası yaxınlığında toplanıb.

Eyni zamanda, “The Wall Street Journal” ABŞ-ın Yaxın Şərqə əlavə aviasiya qüvvələri göndərməyə başladığını və İranla əlaqəli neft daşımalarına qarşı əməliyyatlara hazırlaşdığını yazır.

Artan gərginlik fonunda tərəflər arasında diplomatik təmasların davam etdiyi bildirilsə də, birbaşa danışıqların hələlik baş tutmadığı qeyd olunur.