İran Xarici İşlər naziri Abbas Araqçi Küveyti Fars körfəzində İran gəmisinə “qanunsuz hücum etməkdə” və 4 İran vətəndaşını saxlamaqda ittiham edib.
Araqçi “X” platformasında yaydığı açıqlamada hadisənin “nifaq toxumu səpmək cəhdi” olduğunu bildirib və saxlanılan şəxslərin dərhal azad edilməsini tələb edib.

Araqçi hadisənin ABŞ-ın İrana hücum üçün istifadə etdiyi iddia olunan ada yaxınlığında baş verdiyini deyib. O, Küveytin addımını “qanunsuz” adlandıraraq, İranın cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.
Küveyt tərəfi isə insidenti fərqli təqdim edir. Küveyt Daxili İşlər Nazirliyinin məlumatına görə, SEPAH-la əlaqəli olduğu bildirilən 4 nəfər dəniz yolu ilə ölkə ərazisinə daxil olmağa cəhd edərkən saxlanılıb. Hadisənin Bubiyan adası yaxınlığında baş verdiyi, qarşıdurma zamanı Küveyt Silahlı Qüvvələrinin bir əməkdaşının yaralandığı bildirilib.
Küveytin iddiasına əsasən, saxlanılan şəxslər adaya “düşmənçilik fəaliyyəti” həyata keçirmək məqsədilə göndərildiklərini etiraf ediblər. İran isə bu ittihamları rədd edir və saxlanılanların adi dəniz patrul xidməti zamanı naviqasiya nasazlığı səbəbindən Küveyt sularına daxil olduğunu bildirir.
Hadisədən sonra Küveyt İran səfirini çağıraraq rəsmi etiraz notası təqdim edib və ölkənin suverenliyinin pozulduğunu bəyan edib. Tehran isə ittihamları əsassız sayaraq saxlanılan şəxslərə konsulluq girişinin təmin edilməsini və onların azadlığa buraxılmasını tələb edir.
Bu qarşılıqlı ittihamlar Fars körfəzində təhlükəsizlik gərginliyinin artdığı dövrdə baş verir. Bubiyan adası strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və hadisə Küveyt-İran münasibətlərində yeni diplomatik böhran riski yaradıb.