GTA VI çıxdı, 35 min şagird dərsə getmədi – İngiltərədə qeyri-adi vəziyyət

“GTA VI” oyununun noyabrın 19-da satışa çıxması İngiltərə məktəblərində davamiyyətin kəskin azalması ilə müşayiət olunub. 1415 məktəbin məlumatına əsasən, dərsə gəlməyən şagirdlərin sayı əvvəlki günlərlə müqayisədə 35 min nəfər artıb.

28

Dünyanın ən çox gözlənilən video oyunlarından biri olan “Grand Theft Auto VI” (GTA VI) noyabrın 19-da satışa çıxıb. Oyunun təqdimatı İngiltərədə məktəblilərin davamiyyətinə təsir göstərib. İlkin statistikaya əsasən, həmin gün dərsə gəlməyən şagirdlərin sayı həftənin əvvəlindəki orta göstəricidən təxminən 35 min nəfər çox olub.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb.

Məlumata görə, İngiltərədə “Arbor” məktəb idarəetmə sistemindən istifadə edən 1415 orta məktəbin səhər davamiyyət qeydləri təhlil edilib.

Nəticələr göstərib ki, həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günlərində orta davamiyyət 91,3 faiz olduğu halda, noyabrın 19-da bu göstərici 88,8 faizə düşüb.

Dərsə gəlməyənlərin sayı əvvəlki üç günün orta göstəricisindən təxminən 35 min nəfər çox olub.

Britaniyanın təhsil üzrə ixtisaslaşmış “Tes” nəşri bildirir ki, davamiyyətin azalması xüsusilə yuxarı siniflərdə oxuyan oğlanlar arasında daha nəzərəçarpan olub.

Bəzi məktəblər oyunun çıxışından əvvəl valideynlərə müraciət edərək övladlarını dərsə göndərməyə çağırıblar. Rəhbərliklər oyun oynamaq məqsədilə dərsdən yayınmanın üzrsüz davamiyyətsizlik kimi qeydə alınacağını xəbərdar ediblər.

Bir sıra məktəblər şagirdləri dərslərə həvəsləndirmək üçün hədiyyəli lotereyalar təşkil etməyi təklif edib. Birminqemdəki məktəblərdən biri isə dərsə gəlməyən şagirdləri mikroavtobusla evlərindən götürməyi planlaşdırıb.

Qeyd edək ki, “Rockstar Games”in hazırladığı GTA VI noyabrın 19-da PlayStation 5 və Xbox Series X/S platformaları üçün satışa çıxarılıb. Oyunun yaş reytinqi 18+ təşkil edir.

Bununla belə, davamiyyət göstəricilərindəki azalmanın bütünlüklə oyunun təqdimatından qaynaqlandığı sübuta yetirilməyib. Statistik məlumatlar GTA VI-nın satışa çıxması ilə dərs buraxma hallarındakı artımın eyni vaxta təsadüf etdiyini göstərir.

 

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.