Ümumdünya Müsəlman Alimləri İttifaqının sədri Əli əl-Qaradaği Qəzzada davam edən humanitar böhranla bağlı dünya müsəlmanlarına müraciət edərək onları fələstinli uşaqların xilas edilməsi üçün təcili hərəkətə keçməyə çağırıb. O, müsəlman dövlətlərinin və cəmiyyətlərinin mövcud imkanlardan istifadə etməməsini mənəvi və dini məsuliyyət məsələsi kimi qiymətləndirib.
MSNews.az xəbər verir ki, əl-Qaradaği noyabrın 9-da X sosial şəbəkəsində yayımladığı müraciətdə Qəzzada müharibə, məcburi köçkünlük, aclıq və soyuq hava şəraitində yaşayan insanların vəziyyətinə diqqət çəkib. Onun açıqlaması Ümumdünya Müsəlman Alimləri İttifaqının rəsmi saytında da dərc olunub.
“Ey müsəlmanlar! Əgər bu gün Qəzzadakı qardaşlarınızı xilas etmək üçün oyanmasanız, nə vaxt oyanacaqsınız? Əgər bu fəlakətlər vicdanınızı oyatmırsa, daha hansı bəlanı gözləyirsiniz?” – deyə din xadimi müraciətində bildirib.
Əl-Qaradaği xüsusilə güclü yağışlar nəticəsində çadırları su altında qalan, sığınacaq və ərzaq çatışmazlığı ilə üzləşən fələstinli uşaqların vəziyyətindən danışıb.
“Boğulan uşağı xilas edə, evsiz qalmış ailəyə sığınacaq verə və blokadadan əldən düşmüş ac insanı doyura bilmiriksə, din qardaşlığının nə mənası var?” – deyə o sual edib.
İttifaq rəhbəri vurğulayıb ki, müsəlman dünyasının dövlətləri, maliyyə imkanları, təşkilatları və ictimai təsir vasitələri mövcuddur. Onun fikrincə, bu imkanlardan Qəzzadakı humanitar böhranın yüngülləşdirilməsi üçün daha səmərəli istifadə edilməlidir.
Əl-Qaradaği din alimlərinin ictimai maarifləndirmə aparmalı, hökumətlərin siyasi, iqtisadi və humanitar imkanlarını səfərbər etməli, imkanlı şəxslərin maddi yardım göstərməli, xalqların isə qanuni və dinc vasitələrlə həmrəylik nümayiş etdirməli olduğunu bildirib.
O, Qəzzadakı hadisələri müsəlman dünyası üçün mənəvi sınaq adlandıraraq yardıma ehtiyacı olan insanların taleyinə biganə qalmağın ağır məsuliyyət yaratdığını vurğulayıb.
Müraciət Qəzzada əlverişsiz hava şəraitinin onsuz da ağır olan humanitar vəziyyəti daha da çətinləşdirdiyi dövrə təsadüf edir. “İstiklal” nəşrinin məlumatına görə, noyabrın əvvəlində yağan güclü yağışlar nəticəsində minlərlə məcburi köçkün ailəsinin müvəqqəti sığınacağı zərər görüb.