Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayır

Estoniya dekabrın 1-dən Rusiya ilə üç avtomobil sərhəd-keçid məntəqəsini bağlamağı planlaşdırır. Qərar Rusiyanın hərbi kəşfiyyatına aid edilən diversiya cəhdindən sonra gündəmə gəlib. Hadisə ilə əlaqədar səkkiz nəfər saxlanılıb.

64

Estoniya dekabrın 1-dən etibarən Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlamağı planlaşdırır. Tallinn bu addımı ölkənin müdafiə sənayesinə qarşı həyata keçirilməsinə cəhd göstərilən diversiya əməliyyatı və təhlükəsizlik risklərinin artması ilə əlaqələndirir.

MSNews.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna açıqlama verib.

Estoniya Xarici İşlər Nazirliyinin noyabrın 15-də yaydığı rəsmi məlumatda bildirilib ki, hökumət dekabrın 1-dən Rusiya ilə avtomobil sərhəd-keçid məntəqələrinin bağlanması istiqamətində hazırlıq aparır.

Nazirin sözlərinə görə, bu tədbir Rusiyanın Estoniya ərazisində düşmənçilik fəaliyyəti həyata keçirmək imkanlarını məhdudlaşdırmağa və beynəlxalq sanksiyalardan yayınmanın qarşısını almağa xidmət edəcək.

Üç sərhəd-keçid məntəqəsinin bağlanması nəzərdə tutulur

Plan aşağıdakı məntəqələri əhatə edir:

  • Narva
  • Koidula
  • Luhamaa

Sərhəd-keçid məntəqələrinin həm nəqliyyat vasitələri, həm də piyadalar üçün bağlanması planlaşdırılır.

“Reuters” agentliyinin məlumatına görə, məhdudiyyətlərin nə qədər müddət qüvvədə qalacağı hələ açıqlanmayıb.

Müdafiə müəssisəsinə hücum cəhdi: 8 nəfər saxlanılıb

Qərarın əsas səbəbi noyabrın 14-nə keçən gecə Estoniyanın Viimsi bölgəsində yerləşən “Threod Systems” müdafiə sənayesi müəssisəsinə qarşı hücum cəhdidir.

Pilotsuz uçuş aparatları və elektro-optik müşahidə sistemləri istehsal edən müəssisənin binasını yandırmağa və partlayış törətməyə cəhd göstərildiyi bildirilir.

Estoniyanın Baş Prokurorluğunun məlumatına görə, şübhəlilər gecə saat 03:06-da müəssisənin ərazisinə daxil olmağa çalışıblar. Lakin təhlükəsizlik xidmətinin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

Hadisə zamanı müəssisəyə ciddi ziyan dəyməyib.

Estoniya və Latviya təhlükəsizlik qurumlarının birgə əməliyyatı nəticəsində səkkiz Latviya vətəndaşı saxlanılıb. Latviya təhlükəsizlik xidməti ölkə ərazisində doqquz ünvanda axtarış aparıldığını, partlayıcı qurğuların, sursatların və elektron məlumat daşıyıcılarının götürüldüyünü açıqlayıb.

Estoniya Rusiyanın hərbi kəşfiyyatını ittiham edir

Estoniyanın Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Marqo Palloson hücumun Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (GRU) sifarişi ilə təşkil olunduğunu bildirib.

Estoniya tərəfinin qiymətləndirməsinə görə, əməliyyatın məqsədi ölkənin müdafiə sənayesinə zərər vurmaq və Ukraynaya hərbi dəstəyi zəiflətmək olub.

Marqus Tsahkna hadisənin cavabsız qalmayacağını vurğulayaraq sərhədlərin bağlanmasını təhlükəsizlik tədbiri kimi təqdim edib.

Rusiya isə ittihamları rədd edir. Kremlin sözçüsü Dmitri Peskov Estoniyanın iddialarını əsassız adlandırıb və Moskvanın hadisədə iştirakını inkar edib.

Rusiya diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb

Noyabrın 16-da Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıraraq müdafiə müəssisəsinə hücum cəhdi ilə bağlı etirazını çatdırıb.

Nazirlik həmin gün dekabrın 1-dən bütün avtomobil sərhəd-keçid məntəqələrinin bağlanmasına hazırlıq görüldüyünü bir daha təsdiqləyib.

Qeyd edək ki, sərhədlərin bağlanması hələ hazırlıq mərhələsindədir. Yekun hökumət qərarı və məhdudiyyətlərin müddəti barədə əlavə məlumat gözlənilir.