Məşhurların “əl pencəyin içində” pozasının sirri nədir?

Napoleon, Karl Marks və digər məşhur şəxslərin portretlərində görünən “əl pencəyin içində” pozasının tarixi mənası və yayılmış versiyaları araşdırılıb.

16

Tarixi portret və fotolarda tez-tez rast gəlinən “əl pencəyin içində” pozası uzun illərdir müxtəlif izahlarla gündəmə gəlir. Napoleon Bonapartdan Karl Marksa, ABŞ prezidentlərindən Atatürkə qədər bir çox məşhur şəxsin bu formada təsvir olunması həmin jestin masonluq, xəstəlik, gizli simvol və ya qədim ənənə ilə bağlı olması barədə fərqli versiyaların yaranmasına səbəb olub.

Sənət tarixi mənbələrinə görə, bu poza əsasən XVIII-XIX əsr portret sənətində geniş yayılıb və “hand-in-waistcoat” — yəni “əl jiletin/pencəyin içində” pozası kimi tanınır. Jest həmin dövrdə sakit, təmkinli, özünə nəzarət edən və liderlik keyfiyyətlərinə malik şəxs obrazı yaratmaq üçün istifadə olunurdu. Napoleonla daha çox assosiasiya edilsə də, bu poza ondan əvvəl də Avropa portretlərində mövcud idi.

Bu duruşun kökləri antik dövr natiqlik ənənələrinə qədər aparılır. Mənbələrdə qədim yunan natiqi Esxinin ictimai çıxış zamanı qol və əllərin həddindən artıq açıq hərəkət etdirilməsini xoş qarşılamadığı qeyd olunur. Sonrakı dövrlərdə isə bu jest təmkin, nəzakət və aristokrat davranış nümunəsi kimi qəbul edilib.

1737-ci ildə Fransua Nivelonun “The Rudiments of Genteel Behaviour” adlı etik davranış kitabında bu poza “cəsarətin təvazökarlıqla birləşməsi” kimi izah olunurdu. Yəni bir əlin paltarın içində saxlanılması həmin dövrdə gizli mesajdan çox, zadəganlıq, özünəinam və nəzakətli davranış göstəricisi sayılırdı.

Ən məşhur nümunə isə Napoleon Bonapartın portretləridir. Uzun illər onun əlini pencəyinin içində saxlaması mədə ağrısı, əlində qüsur olması və ya başqa fiziki səbəblərlə izah edilib. Lakin tarixçilər bu versiyaların etibarlı sübuta əsaslanmadığını bildirirlər. Daha qəbul edilən izaha görə, Napoleonun rəssamları bu pozadan onu sakit, dövlət adamı kimi təmkinli və güclü lider obrazında göstərmək üçün istifadə ediblər.

Bir digər versiya, duruşun qədim türklərdən gəlməsi ilə bağlıdır. Qədim türklər məzar yerinin bəlli olması üçün məzarın başına və ya kurqanların ətrafına bu cür daş abidələr qoyardılar. Bu cür abidələrə Daş Baba, Balbal və ya Bengü Daş deyilir. Bu heykəllər əsasən, bardaş quraraq oturmuş və ya ayaq üstə, sağ və ya sol əlində qılınc, quş, çiçək, musiqi alətləri və s. tutmuş şəkildə təsvir edilmişdir.

Masonluqla bağlı versiya da geniş yayılıb. Doğrudur, bəzi masonik rituallarda bənzər əl jestlərinə rast gəlinir və tarixdə bu pozada təsvir olunan şəxslər arasında mason olanlar da olub. Lakin sənət tarixi baxımından hər belə poza verən şəxsi mason hesab etmək doğru deyil. Bu duruş daha geniş portret ənənəsinin, aristokrat davranış kodlarının və vizual liderlik simvolikasının bir hissəsi kimi izah olunur.

Buna görə də “əl pencəyin içində” pozasını tək bir gizli mənaya bağlamaq düzgün deyil. Bu jest müxtəlif dövrlərdə fərqli kontekstlərdə işlənib: bəzən natiqlik ədəbini, bəzən təvazökarlığı, bəzən siyasi liderliyi, bəzən də sadəcə dövrün portret modasını ifadə edib. Napoleonun məşhur portretləri isə bu pozanı Avropa və dünya vizual yaddaşında daha da populyarlaşdırıb.