Alimlər çox seçim qarşısında beynin niyə çətinlik çəkdiyini açıqladı

"Caltech" alimlərinin araşdırmasına görə, insan beyni seçim zamanı ən yüksək aktivliyi orta sayda variant təqdim ediləndə göstərir. Həddindən artıq çox seçim qərarverməni çətinləşdirir.

15

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun alimləri çoxlu seçim qarşısında insan beyninin niyə qərar verməkdə çətinlik çəkdiyini araşdırıblar.

“Choice overload” — yəni “seçim yüklənməsi” adlanan bu hal gündəlik həyatda, məsələn, restoranda menyuya baxarkən, mağazada məhsul seçərkən və ya internetdə çoxsaylı variantlar arasında qərar verməyə çalışarkən tez-tez müşahidə olunur.

Araşdırmada könüllülərə seçim etmək üçün 6, 12 və 24 mənzərə şəkli təqdim olunub. İştirakçılar həmin şəkillərdən birini fincan və ya oxşar əşya üzərinə çap etdirmək üçün seçməli idilər. Bu zaman onların beyin fəaliyyəti funksional maqnit-rezonans tomoqrafiyası — fMRT vasitəsilə izlənilib. Nəticələr göstərib ki, seçim zamanı beynin mükafat və qərarvermə ilə bağlı bölgələri olan striatum və ön qurşaq qabığında aktivlik ən çox 12 variant təqdim ediləndə müşahidə olunub. 6 variant az, 24 variant isə həddindən artıq çox kimi qəbul edilib.

“Caltech”-in məlumatına görə, beyin üçün ideal seçim sayı mütləq rəqəm deyil və vəziyyətdən asılı olaraq dəyişə bilər. Lakin tədqiqat göstərir ki, çox az seçim insana kifayət qədər azadlıq hissi vermir, həddindən artıq çox seçim isə müqayisə yükünü artıraraq qərarverməni çətinləşdirir. Bu səbəbdən seçimlərin orta səviyyədə olması beyində daha güclü “dəyər siqnalı” yaradır.

Bu nəticə təxminən 2000-ci ildə psixoloqlar Şina İyenqarMark Lepper tərəfindən aparılmış məşhur “cem təcrübəsi”ni də xatırladır. Həmin təcrübədə mağazada alıcılara əvvəl 24, sonra isə 6 müxtəlif cem növü təqdim olunmuşdu. Böyük seçim masası daha çox diqqət çəksə də, 6 seçim təqdim edilən masadan alış edənlərin faizi daha yüksək olmuşdu. Tədqiqat “çox seçim həmişə daha yaxşıdır” fikrini sual altına almışdı.

Alimlərin gəldiyi əsas nəticə budur ki, seçim sayı artdıqca insan daha çox azadlıq qazandığını düşünsə də, müəyyən həddən sonra beyin variantları müqayisə etməkdə çətinlik çəkir. Bu isə qərarsızlıq, yorğunluq və seçimdən imtina ilə nəticələnə bilər.