“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel sentyabrın 26-da Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub. “Red Bull” pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub.
MSNews.az xəbər verir ki, əsas yarışı Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər. Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Pilotlar uzunluğu 6,003 kilometr olan Bakı şəhər halqasında 51 dövrə vurublar. Rassel yarışı birinci pillədə başa vurarkən Ferstappen finiş xəttini ondan cəmi 0,196 saniyə sonra keçib. Hacar isə liderdən 10,704 saniyə geri qalaraq podiumun üçüncü pilləsinə yüksəlib.
Rassel əsas yarışa poul mövqeyindən başlamışdı. O, sıralama turunda 1 dəqiqə 42,526 saniyəlik nəticə ilə birinci olmuş, “Ferrari”dən Şarl Lekleri 0,837 saniyə qabaqlamışdı. “McLaren” pilotu Oskar Piastri isə sıralama turunda üçüncü olmuşdu.
2026-cı il Azərbaycan Qran-Prisi Bakıda keçirilən Formula 1 yarışlarının 10-cu – yubiley buraxılışıdır. Yarışı izləmək üçün Azərbaycana gələn xarici turistlərin sayı 16 mini keçərək rekord həddə çatıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, biletlər 120-dən çox ölkədən azarkeşlər tərəfindən alınıb. Ötən il xarici qonaqların sayı təxminən 14 min olmuşdu.
Bu il yarış proqramı ənənəvi qrafikdən fərqli olaraq cümə axşamı başlayıb və əsas Qran-Pri şənbə günü keçirilib. Formula 1 bu dəyişikliyin sentyabrın 27-də Azərbaycanda qeyd olunan Anım Günü ilə üst-üstə düşməmək üçün edildiyini açıqlayıb.
Bakı Formula 1 yarışlarına ilk dəfə 2016-cı ildə “Avropa Qran-Prisi” adı altında ev sahibliyi edib. Həmin yarışın qalibi “Mercedes” pilotu Niko Rosberq olmuşdu. 2017-ci ildən etibarən yarış “Azərbaycan Qran-Prisi” adlandırılır.















