Rusiya hərbçiləri Yəməndə husilərə kömək edir?

Yəmən husilərinin nümayəndəsi ilə birlikdə görüntülənən şəxsin Rusiyanın Mordoviya bölgəsində çalışmış hərbi zabit olduğu iddia edilir. Araşdırma Rusiyanın husilərə mümkün hərbi dəstəyi ilə bağlı yeni suallar yaradıb.

13

Rusiyalı hərbçilərin Yəməndə İranın dəstəklədiyi husilərlə əməkdaşlıq etməsi barədə yeni iddialar ortaya çıxıb. Sosial şəbəkələrdə yayılan videoda husilərin nümayəndəsi ilə birlikdə görünən şəxsin Rusiyanın Mordoviya Respublikasında hərbi komissarlıqda çalışmış Aleksandr Antonov olduğu müəyyən edilib.

MSNews.az xəbər verir ki, Rusiyanın müstəqil “Agentstvo” nəşrinin araşdırmasına əsasən, görüntülərdə Rusiya hərbi forması geyinmiş şəxs avtomobildə Yəmənin Ənsar Allah hərəkatının (husilər) ehtimal olunan üzvü ilə birlikdə əyləşib.

Nəşrin apardığı araşdırma nəticəsində həmin şəxsin əvvəllər Mordoviyada hərbi komissarlıq sistemində çalışmış Aleksandr Antonov olduğu müəyyənləşdirilib. Görüntülərdə onun hərbi formasında polkovnik-leytenant rütbəsini göstərən paqonlar və soyadının yazıldığı nişan diqqət çəkir.

Video noyabrın 22-də Yəmən mediasında geniş yayılmağa başlayıb. Paylaşımlarda rusiyalı zabitlərin husilərin tərəfində döyüş əməliyyatlarına rəhbərlik etdiyi iddia olunub.

Lakin araşdırma göstərib ki, görüntülər yeni deyil: video hələ 8 oktyabr 2025-ci ildə internetdə paylaşılıb. Onun dəqiq harada və nə vaxt çəkildiyi məlum deyil. Hətta görüntülərin Yəməndə deyil, Rusiyada çəkilmiş ola biləcəyi də istisna edilmir.

Rusiyanın husilərlə mümkün hərbi əməkdaşlığına dair məlumatlar bundan əvvəl də beynəlxalq medianın diqqət mərkəzində olub.

2024-cü ilin sentyabrında “Reuters” agentliyi İranın vasitəçiliyi ilə Moskva və husilər arasında “Yaxont” gəmi əleyhinə raketlərinin mümkün tədarükü barədə danışıqlar aparıldığını bildirmişdi. Həmin vaxt raketlərin qruplaşmaya verilməsi barədə yekun qərarın qəbul edildiyi təsdiqlənməmişdi.

2024-cü ilin oktyabrında “The Wall Street Journal” nəşri də mənbələrinə istinadən Rusiyanın Qırmızı dənizdə ticarət gəmilərinə hücumların planlaşdırılmasına kömək edən peyk məlumatlarını husilərə ötürdüyünü yazmışdı.

2026-cı ilin oktyabrında isə “Associated Press” agentliyinin araşdırması Rusiyanın kəşfiyyat peyklərinin Səudiyyə Ərəbistanındakı obyektlərə hücumlardan əvvəl həmin əraziləri müşahidə etdiyini üzə çıxarıb. Araşdırma çərçivəsində iyul-oktyabr aylarında həyata keçirilmiş 40 raket və dron hücumu təhlil olunub. Agentliyə danışan mənbələr Rusiya kəşfiyyat məlumatlarının İran vasitəsilə husilərə çatdırıldığını bildiriblər.

Bununla belə, yayılan video rusiyalı hərbçilərin Yəməndə döyüş əməliyyatlarına birbaşa rəhbərlik etdiyini sübut etmir. Görüntülərin çəkildiyi məkan, Antonovun həmin vaxt hansı tapşırığı yerinə yetirdiyi və Rusiyanın husilərə mümkün hərbi dəstəyinin miqyası hələ dəqiq müəyyənləşdirilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30