Emre Mor səhhətinə görə futbol karyerasını dayandırdı

Türkiyəli futbolçu Emre Mor səhhətindəki problemlər səbəbindən peşəkar karyerasına fasilə verib. Niderlandın NEC klubu 29 yaşlı hücumçu ilə müqaviləyə xitam verildiyini açıqlayıb.

13

Türkiyə millisinin sabiq futbolçusu Emre Mor səhhətindəki problemlər səbəbindən peşəkar futbol karyerasına qeyri-müəyyən müddətə fasilə vermək qərarına gəlib. Niderlandın NEC klubu 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, NEC klubunun noyabrın 23-də yaydığı rəsmi açıqlamaya əsasən, futbolçu sağlamlığına və şəxsi rifahına diqqət ayırmaq üçün karyerasını müvəqqəti dayandırıb.

Bu barədə “beIN SPORTS Türkiye” və “Sky Sport Germany” məlumat yayıb.

“Uşaqlıqdan bəri yeganə arzum peşəkar futbolçu olmaq idi. Lakin son vaxtlar səhhətimlə bağlı çətinliklər yaşayıram. Artıq bədənimin səsinə qulaq asmalı və sağlamlığımı hər şeydən üstün tutmalı olduğum mərhələyə gəlmişəm”, – deyə Mor bildirib.

Futbolçu bu qərarın onun üçün ağır olduğunu vurğulayaraq gələcəkdə meydanlara qayıtmaq ümidini qoruduğunu qeyd edib.

“Futbola olan sevgim heç vaxt dəyişməyəcək. Gələcəyin mənə nələr gətirəcəyinə ümidlə baxıram”, – deyə o əlavə edib.

Yay transfer dövründə NEC ilə ikiillik müqavilə imzalayan Emre Mor Niderland təmsilçisinin heyətində yeddi oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Klubun texniki direktoru Karlos Aalbers futbolçunun qərarına hörmətlə yanaşdıqlarını bildirərək sağlamlığın hər şeydən vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Emre Mor karyerası ərzində Dortmund Borussiyası, Selta, Qalatasaray və Fənərbağça kimi klublarda çıxış edib.

Futbolçunun səhhətindəki problemlərin konkret xarakteri açıqlanmayıb. O, karyerasını birdəfəlik başa vurduğunu deyil, müvəqqəti fasilə verdiyini bildirib.