“Kainat Gözəli 2026”da İsrail təmsilçisi fitə basıldı – VİDEO

“Kainat Gözəli 2026” müsabiqəsində İsrail təmsilçisi Danielle Yablonkanın üzərində “sülh” yazılan geyimi mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə onun fitə basıldığını göstərən görüntülər yayılıb.

16

Puerto-Rikoda keçirilən “Kainat Gözəli 2026” müsabiqəsində İsrail təmsilçisi Danielle Yablonkanın milli geyim nümayişi qalmaqala səbəb olub. Üzərində üç dildə “sülh” yazılmış plaşla səhnəyə çıxan iştirakçının tamaşaçılar tərəfindən fitə basıldığını göstərən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

MSNews.az “The National” nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 21-də Puerto-Rikonun San-Xuan şəhərində keçirilən milli geyimlər nümayişi zamanı baş verib.

25 yaşlı Danielle Yablonka səhnəyə qızılı rəngli geyimdə və Qüdsün qədim şəhərini, zeytun ağaclarını, Yaffa portağallarını əks etdirən iri plaşla çıxıb. Geyimin üzərində ingilis, ərəb və ivrit dillərində “sülh” sözü yazılıb.

“The Indian Express” nəşrinin məlumatına görə, geyimin təsvirlərinin süni intellektlə hazırlandığı barədə iddialar da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Lakin dizaynın süni intellekt vasitəsilə yaradıldığı rəsmi şəkildə təsdiqlənməyib.

Bununla belə, İsrail təmsilçisi fitə basıldığı barədə yayılan məlumatları təkzib edib. Yablonka İsrailin 12-ci kanalına açıqlamasında səhnədə fit səsləri eşitmədiyini və yayılan videolara sonradan belə səslərin əlavə olunduğunu düşündüyünü bildirib.

Bu barədə “The Times of Israel” məlumat yayıb. İştirakçı görüntülərin montaj olunduğuna 99 faiz əmin olduğunu desə də, bu iddia da müstəqil şəkildə təsdiqlənməyib.

Geyim ətrafında yaranan mübahisələr İsrail-Fələstin münaqişəsi fonunda beynəlxalq gözəllik müsabiqəsinin sosial şəbəkələrdə siyasi müzakirə mövzusuna çevrilməsinə səbəb olub.