Dünyanın ən nazik saatını hazırlayan rusiyalı mükafat qazandı

Rusiyalı saatsaz Konstantin Çaykin cəmi 1,65 millimetr qalınlığında hazırladığı ThinKing Mystery mexaniki saatına görə İsveçrədə keçirilən nüfuzlu GPHG müsabiqəsində mükafatlandırılıb.

70

Rusiyalı saatsaz Konstantin Çaykin dünyanın ən nazik mexaniki qol saatlarından biri olan, cəmi 1,65 millimetr qalınlığındakı “ThinKing Mystery” modelinə görə İsveçrədə nüfuzlu mükafata layiq görülüb.

MSNews.az xəbər verir ki, Çaykin noyabrın 7-də Cenevrədə keçirilən və saat sənayesinin “Oskarı” adlandırılan “Grand Prix d’Horlogerie de Genève” (GPHG) müsabiqəsində “Audacity Prize” (Cəsarət mükafatı) qazanıb. Bu barədə müsabiqənin təşkilatçıları rəsmi məlumat yayıblar.

“Kommersant” qəzetinin məlumatına görə, saatın qalınlığı cəmi 1,65 millimetrdir. Modelin əsas xüsusiyyətlərindən biri əqrəblərin sanki havada asılı vəziyyətdə hərəkət etməsidir. Bu effekt saat və dəqiqələri göstərən iki şəffaf sapfir disk vasitəsilə yaradılıb.

Saatın korpusu 41 millimetr diametrə malikdir. Mexanizmin hissələri mümkün qədər nazik konstruksiyada yerləşdirilib, korpusun arxa qapağı isə mexanizmin əsas lövhəsi funksiyasını yerinə yetirir.

“Euronews” nəşrinin məlumatına görə, “ThinKing Mystery” dünyanın ən nazik məhdud seriyalı mexaniki saatı kimi təqdim olunur.

Qeyd edək ki, Konstantin Çaykin eyni mükafata ikinci dəfə layiq görülüb. O, 2018-ci ildə “Clown” adlı saat modeli ilə də GPHG müsabiqəsində qalib olmuşdu.