Türkiyədə “Sözcü TV”yə polis əməliyyatı: 4 nəfər saxlanıldı, kanala qəyyum təyin edildi

Türkiyədə “Sözcü TV” və “Sözcü.com.tr”yə qarşı polis əməliyyatı keçirilib. Dörd nəfər saxlanılıb, televiziya kanalının və xəbər saytının idarəçiliyinə TMSF qəyyum təyin edilib. Müxalif siyasətçilər qərara etiraz ediblər.

61

Türkiyədə fəaliyyət göstərən “Sözcü TV” telekanalının İstanbul şəhərindəki binasına polis əməliyyatı keçirilib. Səhər saatlarında başlayan əməliyyat nəticəsində media qurumunun rəhbər şəxsləri də daxil olmaqla dörd nəfər saxlanılıb. Məhkəmə qərarı ilə televiziya kanalının və “Sözcü.com.tr” xəbər saytının idarəçiliyinə qəyyum təyin edilib.

MSNews.az xəbər verir ki, hadisə noyabrın 17-də İstanbul Baş Prokurorluğunun apardığı cinayət işi üzrə istintaq çərçivəsində baş verib.

Almaniyanın “Deutsche Welle” və “Euronews” nəşrlərinin məlumatına görə, yerli vaxtla təxminən saat 04:20-də İstanbulun Maslak bölgəsində yerləşən televiziya binasına çoxsaylı polis əməkdaşı cəlb olunub.

Polis binanın ətrafını nəzarətə götürərək giriş-çıxışı məhdudlaşdırıb. Türkiyə polisinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları binada axtarış aparıblar.

Əməliyyat zamanı aşağıdakı şəxslərin saxlanıldığı bildirilir:

  • Funda Tuncer Sıdalı – “Sözcü TV”nin İdarə Heyətinin sədri;
  • Mustafa Asım Akgül – media qrupunun keçmiş baş direktoru;
  • Yonca Yücekaleli – media qrupunun sabiq maliyyə rəhbəri;
  • İsmail Öz – istintaq çərçivəsində saxlanılan digər şəxs.

İstanbul Baş Prokurorluğu axtarış, əmlaka əlqoyma və saxlanılma qərarlarının noyabrın 17-də eyni vaxtda icra edildiyini açıqlayıb.

Məhkəmə qərarına əsasən, Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) “Sözcü TV”nin və “Sözcü.com.tr” xəbər saytının idarəçiliyinə qəyyum təyin olunub.

Qəyyum təyinatından sonra televiziya kanalının adi yayım proqramı dayandırılıb və əvvəlcədən hazırlanmış verilişlərin nümayişinə keçildiyi bildirilib.

Bununla belə, media qrupuna daxil olan “Sözcü”, “Tavır” və “Korkusuz” qəzetlərinin qəyyum təyinatı qərarına daxil edilmədiyi açıqlanıb.

İstanbul Baş Prokurorluğunun məlumatına görə, istintaqın əsasında media qrupunun fəaliyyəti ilə bağlı əvvəlki illərdə başladılmış cinayət işi dayanır. Prokurorluq araşdırmada media qrupunun təsisçisi Burak Akbayın FETÖ/PDY təşkilatı ilə mümkün əlaqələrinə dair iddiaların araşdırıldığını bildirib.

İstintaq çərçivəsində Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatlarına da istinad olunduğu qeyd edilir.

“Sözcü” media qrupunun vəkili Ersan Barkın əməliyyatın hüquqi əsaslarını mübahisələndirib. Onun sözlərinə görə, istintaq daha əvvəl Türkiyənin Ali Kassasiya Məhkəməsi tərəfindən ləğv edilmiş qərarla əlaqəli köhnə cinayət işinə əsaslanır.

Barkın əvvəlki məhkəmə araşdırmalarında qanunsuzluq və cinayət tərkibinin müəyyən edilmədiyini bildirərək yeni əməliyyata etiraz edib.

Əməliyyat Türkiyənin siyasi gündəmində də müzakirələrə səbəb olub. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel qərarı tənqid edərək bunu müstəqil və müxalif medianın fəaliyyətinə müdaxilə kimi qiymətləndirib.

“Sözcü TV”nin aparıcısı İsmail Küçükkaya isə səhər işə gəldiyi zaman binaya buraxılmadığını və verilişinin yayımlanmayacağını öyrəndiyini bildirib.

Media qurumunun gələcək fəaliyyəti və saxlanılan şəxslərin prosessual vəziyyəti ilə bağlı istintaq davam edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.