Azərbaycanda bu şəxslər dövlət qulluğunda işləyə bilməyəcək

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsinin tətbiqi barədə fərman imzalayıb. Yeni qaydalara əsasən, din xadimləri, xarici vətəndaşlıq qəbul edənlər və müəyyən digər kateqoriyalara aid şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.

76

Azərbaycanda dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı yeni məhdudiyyətlər müəyyənləşdirilib. Din xadimləri, başqa ölkənin vətəndaşlığını qəbul etmiş və xarici dövlətlər qarşısında öhdəlik daşıyan şəxslər dövlət qulluğunda işləyə bilməyəcəklər.

MSNews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin noyabrın 16-da tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.

Məlumatı “APA” agentliyi yayıb. Məhdudiyyətlər Məcəllənin 20-ci maddəsində təsbit olunub.

Kimlər dövlət qulluğunda işləyə bilməyəcək?

Yeni Məcəlləyə əsasən, aşağıdakı şəxslərin dövlət qulluğu vəzifəsi tutmasına icazə verilmir:

  • Din xadimləri;
  • Başqa dövlətin vətəndaşlığını qəbul etmiş və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
  • 65 yaşı tamam olmuş şəxslər (Məcəllədə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla);
  • Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi məhkəmə qərarı ilə təsdiqlənmiş şəxslər;
  • Məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
  • Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər;
  • Müvafiq qurumun müəyyən etdiyi xəstəliklər səbəbindən dövlət qulluğu keçməyə uyğun olmayan şəxslər;
  • Müəyyən qulluq pozuntularına görə dövlət qulluğuna xitam verilmiş şəxslər – 6 ay müddətində.

Bu məhdudiyyətlər Dövlət Qulluğu Məcəlləsinin 20.2-ci maddəsində öz əksini tapıb.

Əvvəlki qanunvericilikdən nə ilə fərqlənir?

İndiyədək tətbiq edilən “Dövlət qulluğu haqqında” Qanunda fəaliyyət qabiliyyəti, məhkumluq və məhkəmənin tibbi xarakterli məcburi tədbirlər barədə qərarı ilə bağlı məhdudiyyətlər mövcud idi.

Yeni Məcəllədə isə din xadimləri və xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxslərlə bağlı qadağalar ayrıca göstərilib. Bundan əlavə, dövlət qulluğuna xitam verilməsinin müəyyən əsasları üzrə altı aylıq məhdudiyyət də nəzərdə tutulub.

Dövlət qulluğunda 65 yaş həddi saxlanılıb. Eyni zamanda, əvvəlki qaydalarda nəzərdə tutulan bir sıra məhdudiyyətlər yeni Məcəllədə daha ətraflı tənzimlənib.

Dövlət qulluğuna qəbul hüququ kimlərə verilir?

Məcəlləyə əsasən, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, müvafiq vəzifənin tələblərinə cavab verən və 16 yaşına çatmış Azərbaycan vətəndaşları dövlət qulluğu vəzifələrini tutmaq hüququna malikdirlər.

Qanunvericilikdə bu hüququn irq, etnik mənsubiyyət, din, dil, cins, əqidə və digər xüsusiyyətlərə görə məhdudlaşdırılmaması da nəzərdə tutulur.

Bu baxımdan, din xadimlərinə tətbiq edilən məhdudiyyət şəxsin dini inancına deyil, onun din xadimi statusuna aiddir.