Azərbaycanda korrupsiya barədə məlumat verənlərə böyük mükafat verilə bilər

Yeni qanun layihəsinə görə, korrupsiya faktını açıqlayan şəxs minimum əməkhaqqının 25 mislinədək mükafat ala bilər. Cinayət işi nəticəsində dövlətə qaytarılan vəsaitin 5 faizinin də məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur.

76

Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən şəxslərin maddi mükafatlandırılması və daha geniş hüquqi müdafiəsi təklif olunur. Yeni qanun layihəsinə əsasən, təsdiqlənmiş məlumat üçün minimum əməkhaqqının 25 mislinədək mükafat verilə bilər.

MSNews.az xəbər verir ki, məsələ “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub.

Məlumat öz təsdiqini tapdıqda təşkilat rəhbərinin qərarı ilə mükafat 10 iş günü ərzində ödəniləcək. Məbləğin müəyyənləşdirilməsi zamanı hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlərin həcmi nəzərə alınacaq.

Layihədə əlavə maliyyə təşviqi də nəzərdə tutulur. Cinayət təqibi nəticəsində xüsusi müsadirə olunmuş əmlak və ya pul vəsaitindən əldə edilən məbləğin, yaxud dövlət büdcəsinə qaytarılan və ya ödənilməsi təmin edilən maddi ziyanın 5 faizi məlumat verən şəxsə ödənilə bilər. Bu qərarı məhkəməyədək icraatda prokurorun razılığı ilə müstəntiq, məhkəmə mərhələsində isə məhkəmə verəcək.

Mükafatların gəlir vergisindən azad edilməsi də təklif olunur. Bunun üçün Vergi Məcəlləsinə ayrıca dəyişiklik nəzərdə tutulur.

Qanun layihəsi məlumat verən şəxslərin təhlükəsizliyini də genişləndirir. Şəxsin, onun yaxın qohumunun və ya qohumunun korrupsiya barədə məlumat verməsi ilə əlaqədar həlak olması halında ailəyə 20 min manat, bədən xəsarəti alması halında isə 10 min manat birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulur. Əmlaka vurulan zərərin də kompensasiya edilməsi təklif edilir.

Layihəyə əsasən, məlumat verən şəxs təhlükəsizliyinin qorunmasını, konfidensiallığın təmin edilməsini, dövlət hesabına hüquqi yardım və vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edə biləcək. İş yerində qisas xarakterli tədbirlərin görülməsi də qadağan ediləcək.

Digər mühüm yenilik məhdud çıxışlı məlumatlarla bağlıdır. Korrupsiya barədə məlumatın tərkibində peşə, kommersiya, istintaq və məhkəmə sirri, eləcə də şəxsi və ailə həyatına dair məlumatlar olsa belə, onların bu məqsədlə təqdim edilməsi qanunazidd açıqlama sayılmayacaq. Bilə-bilə yalan və ya böhtan xarakterli məlumatlar isə bu müdafiədən yararlanmayacaq.

Məlumatlar dərhal qeydə alınmalı və 20 iş günü ərzində araşdırılmalıdır. Əlavə material tələb olunduqda bu müddət daha 10 iş günü uzadıla bilər.

Qeyd edək ki, korrupsiya barədə məlumat verən şəxslərin konfidensiallığının və təhlükəsizliyinin qorunması ilə bağlı bəzi müddəalar Azərbaycan qanunvericiliyində artıq mövcuddur. Yeni layihə isə bu sistemi maddi mükafat, kompensasiya və əlavə müdafiə mexanizmləri ilə genişləndirməyi nəzərdə tutur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.