Ermənistan İctimai Televiziyasında yayımlanan siyasi debat proqramı qalmaqalla nəticələnib. Hakimiyyətyönlü siyasi şərhçi Arutyun Mkrtçyanla müxalif jurnalist Boris Murazi arasında başlayan sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
MSNews.az xəbər verir ki, hadisə Ermənistan İctimai Televiziyasının “Böyük debat” proqramının çəkilişi zamanı baş verib.
Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, insident noyabrın 13-də verilişin çəkiliş meydançasında qeydə alınıb. Qalmaqallı buraxılış isə noyabrın 15-də yayımlanıb.
Debatda hakimiyyətin mövqeyini müdafiə edən Arutyun Mkrtçyanla müxalif Politik.am portalının redaktoru Boris Murazi arasında Ermənistan müxalifətinin siyasi gündəliyi ilə bağlı fikir ayrılığı yaranıb.
Müzakirə zamanı tərəflər bir-birinə qarşılıqlı ittihamlar və təhqirlər səsləndiriblər. Mkrtçyanın Murazinin valideynləri barədə nalayiq ifadələr işlətməsindən sonra gərginlik daha da artıb.
Nəticədə hər iki iştirakçı yerindən qalxaraq bir-birinə fiziki müdaxilə edib. Studiyadakı şəxslərin müdaxiləsindən sonra qarşıdurma dayandırılıb.
Mübahisədə etnik mənsubiyyət məsələsi də gündəmə gəlib
Qarşıdurmaya səbəb olan məsələlərdən biri Boris Murazinin yezidi əsilli olmasının qabardılması və onun ünvanına qeyri-etik ifadələrin səsləndirilməsi olub.
Bununla yanaşı, yezidi icmasını təmsil edən SINJAR qeyri-hökumət təşkilatı noyabrın 14-də yaydığı bəyanatda Muraziyə qarşı sosial şəbəkələrdə etnik mənsubiyyəti əsasında təhqiramiz rəylərin yazıldığını bildirib.
Təşkilat hadisənin etnik zəmində təşkil edilmiş təxribat ola biləcəyindən narahatlığını ifadə edib. Lakin davanın məhz etnik ayrı-seçkilik zəminində baş verdiyi müstəqil şəkildə təsdiqlənməyib.
Hadisənin görüntüləri yayıldı
Ermənistanın “Novosti-Armeniya” agentliyi də hadisəni təsdiqləyərək tərəflərin bir-birinə zərbələr endirdiyini bildirib.
Murazi daha sonra sosial şəbəkə hesabında qarşıdurmanın videogörüntülərini paylaşıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şikayət verilib-verilmədiyi və televiziya rəhbərliyi tərəfindən hansı tədbirlərin görüldüyü barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.
Video görüntünü teleqram kanalımızdan izləyə bilərsiniz.