Husilər Ədənə doğru irəliləyir: Yəmən qüvvələri strateji ərazilərdən geri çəkildi

Yəməndə husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinə qarşı hücumlarını genişləndiriblər. Bab əl-Məndəb boğazı yaxınlığındakı mövqelərdən geri çəkilmə fonunda husilərin Ədən şəhərinə 60 kilometrədək yaxınlaşdığı bildirilir.

99

Yəməndə “Ənsarullah” (husilər) hərəkatının qüvvələri ölkənin cənubunda genişmiqyaslı hücumlarını davam etdirərək Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin nəzarətində olan strateji ərazilərə doğru irəliləyib. Bab əl-Məndəb boğazı yaxınlığındakı hərbi mövqelərdən hökumət qüvvələrinin geri çəkilməsi nəticəsində husilərin Ədən şəhərinə təxminən 60 kilometrədək yaxınlaşdığı bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə “AFP” və “Reuters” agentlikləri məlumat yayıb.

Noyabrın 15-də Yəmənin hərbi və hökumət mənbələri husilərin Ləhc əyalətinin bir sıra rayonlarında irəlilədiyini təsdiqləyiblər. Məlumata görə, husilər əl-Xərz düşərgəsi istiqamətində mövqe tutaraq Ədənə doğru hücumlarını davam etdirirlər.

Əməliyyatların əsas istiqamətlərindən biri Qırmızı dəniz sahilini Ədənlə birləşdirən avtomobil yoludur.

“Critical Threats Project” analitik mərkəzinin noyabrın 12-də dərc etdiyi qiymətləndirməyə görə, husilərin məqsədi Cəbəl əl-Xərz yüksəkliklərini ələ keçirərək Moxa–Ədən sahil yolunu atəş nəzarətinə götürməkdir.

Bu mövqelərin nəzarətə alınması hökumət qüvvələrinin təchizatını çətinləşdirə və onların sahilyanı bölgələrdəki bölmələrinin təcrid olunmasına səbəb ola bilər.

Noyabrın 14–15-də yayılan məlumatlarda husilərin Xərz düşərgəsinə çatdığı və sahil yolunun təhlükə altına düşdüyü bildirilib. Bununla belə, həmin vaxt Cəbəl əl-Xərz dağının və əsas hərbi düşərgənin tam ələ keçirilməsi barədə ziddiyyətli məlumatlar mövcud idi.

Belə ki, hökumətyönlü hərbi mənbələr dağın və əsas düşərgənin öz nəzarətlərində qaldığını iddia ediblər.

Noyabrın 15-də Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti Bab əl-Məndəb yaxınlığındakı mövqelərdən qüvvələrin geri çəkildiyini açıqlayıb.

Hökumət bu qərarı Ədənin və ətraf əyalətlərin müdafiəsini gücləndirmək zərurəti ilə izah edib.

Husilərə yaxın hərbi mənbələr isə geri çəkilmədən sonra Qırmızı dəniz sahilindəki bir sıra ərazilərdə mövqe tutduqlarını bildiriblər.

Ədən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin müvəqqəti inzibati mərkəzidir. Bab əl-Məndəb boğazı isə Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və beynəlxalq dəniz ticarəti üçün mühüm əhəmiyyət daşıyan keçiddir.

Husilərin bu bölgədə irəliləməsi yalnız Yəməndəki hərbi qüvvələr balansına deyil, həm də strateji nəqliyyat marşrutlarının təhlükəsizliyinə təsir göstərə bilər.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, avqustun 1-dən noyabrın 7-dək Yəməndə 321 minə yaxın insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Döyüşlərin genişlənməsi humanitar vəziyyəti daha da ağırlaşdırır.