Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var

Naxçıvan-Ordubad yolunda baş verən ağır avtomobil qəzasında bir qazi həyatını itirib, Ali Məclisin deputatı Təbriz Zeynalov və daha bir nəfər yaralanıb. Yaralıların vəziyyəti açıqlanıb.

58

Naxçıvan-Ordubad magistral yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalov da daxil olmaqla iki nəfər xəsarət alıb.

MSNews.az xəbər verir ki, hadisə noyabrın 14-nə keçən gecə Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığında qeydə alınıb.

“Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Vətən müharibəsi qazisi Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib. Avtomobildə olan 1990-cı il təvəllüdlü deputat Təbriz Eyvaz oğlu Zeynalov və 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Əmrah Məmmədov reanimasiya, Təbriz Zeynalov isə neyrocərrahiyyə şöbəsində müalicə olunur. Hər iki yaralının vəziyyəti stabil, orta-ağır qiymətləndirilir.

Qəzaya düşən hər üç şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Son məlumata əsasən, hadisədə həyatını itirən Hüseynalı Hüseynəliyev noyabrın 14-də Naxçıvan şəhər qəbiristanlığında dəfn olunub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.