ABŞ-da hava hərəkətini idarəetmə sistemində baş verən genişmiqyaslı rabitə nasazlığı səbəbindən ölkə üzrə təyyarələrin uçuşuna tətbiq edilən qadağa təxminən 5 saat sonra aradan qaldırılıb. Hadisə minlərlə reysin ləğvinə və ciddi gecikmələrə səbəb olub.
MSNews.az xəbər verir ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) təhlükəsizlik məqsədilə bütün hava limanlarından təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırıb. Qurum qərarı bir neçə hava hərəkətini idarəetmə mərkəzinə təsir edən kommunikasiya problemləri ilə əsaslandırıb.
“Reuters” agentliyinin məlumatına görə, qadağa ABŞ-nin şərq vaxtı ilə saat 20:15-də aradan qaldırılıb. Uçuşlar mərhələli şəkildə bərpa edilsə də, minlərlə sərnişin hava limanlarında qalıb. Agentliyin məlumatına əsasən, gecə saatlarınadək ləğv edilən reyslərin sayı 10 minə yaxınlaşıb.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, nasazlığa köhnəlmiş aviasiya sistemindəki marşrutlaşdırıcıların həddindən artıq məlumat yüklənməsi səbəb olub. Nəticədə radar və rabitə sistemlərində qeyri-sabitlik yaranıb.
“CBS News” mənbələrinə istinadən nasazlığın L3Harris şirkətinin idarə etdiyi rabitə şəbəkəsinin yenilənməsi zamanı baş verdiyini yazıb. Yenilənmədən sonra sistemin yenidən yükləndiyi və fəaliyyətini dayandırdığı bildirilir.
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin hadisənin terror hücumu olduğuna dair heç bir sübut aşkarlanmadığını açıqlayıb. O, bütün təyyarələrin nəzarətdə olduğunu və sərnişinlərin təhlükəsizliyinin təmin edildiyini vurğulayıb. Nazir nasazlığın “Microsoft” sistemlərindəki problemlərlə əlaqəli olmadığını da bildirib.
Hadisə ABŞ-nin aviasiya infrastrukturunun köhnəlməsi problemini yenidən gündəmə gətirib. Daffi mövcud sistemlərin modernləşdirilməsi üçün əlavə maliyyələşdirməyə ehtiyac olduğunu qeyd edib və oxşar nasazlıqların gələcəkdə də baş verə biləcəyi barədə xəbərdarlıq edib.