Türkiyənin İsparta vilayətinin xarici ölkələrin tullantılarının toplandığı əraziyə çevriləcəyi barədə sosial şəbəkələrdə yayılan iddialar müzakirələrə səbəb olub. Lakin noyabrın 14-də dərc edilən rəsmi qərarda şəhərin tullantı poliqonu elan olunması nəzərdə tutulmayıb.
MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımda Palau nümayəndələrinin iqlim sammitində öz ölkələrinin tullantılarının İspartada toplanmasını təklif etdikləri və Türkiyənin bu istəyi qəbul etdiyi iddia olunur. Sözügedən iddialar hələlik etibarlı mənbələrdə təsdiqini tapmayıb.
Türkiyənin 14 noyabr 2026-cı il tarixli, 33430 saylı Rəsmi Qəzetində dərc olunan 11974 nömrəli Prezident qərarı isə İsparta vilayətinin Eğirdir, Gelendost, Senirkent və Yalvaç rayonlarında yerləşən bəzi ərazilərə aiddir.
Qərara əsasən, Eğirdir gölü ətrafındakı müəyyən ərazilərin xüsusi həssas təbiət zonası kimi qorunmasına dair 5 yanvar 2021-ci il tarixli əvvəlki qərar qüvvədən düşüb. Sənəddə həmin ərazilərin xarici ölkələrin tullantılarının saxlanılması üçün ayrılması barədə müddəa yer almır.
Türkiyənin “Akdeniz Gerçek” nəşri də qərarın Eğirdir gölü ətrafındakı bəzi ərazilərin mühafizə statusu ilə bağlı olduğunu yazıb. Nəşrin məlumatına görə, dəyişikliklərin digər mühafizə rejimlərinə və ərazilərin istifadəsinə necə təsir göstərəcəyi hələlik açıqlanmayıb.
Beləliklə, rəsmi qərar təsdiqlənsə də, onun Palau ilə əlaqəli olması və İspartanın tullantı poliqonuna çevrilməsi barədə iddiaları təsdiqləyən məlumat yoxdur.