Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən COP31 Liderlər Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianla ayrı-ayrılıqda görüşüb.
MSNews.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğanla görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və regional proseslər müzakirə olunub.
Tərəflər Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının regional əməkdaşlığa yeni imkanlar yaratdığını vurğulayıblar.
Danışıqlar zamanı nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində addımlar da nəzərdən keçirilib.
Paşinyan Türkiyə Prezidentinə COP31 sammitinin təşkilinə görə təbriklərini çatdırıb, həmçinin İzmirdə metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.
İran Prezidenti Məsud Pezeşkianla görüşdə isə Ermənistan-İran əməkdaşlığı əsas müzakirə mövzusu olub. Tərəflər İrəvanda keçirilmiş hökumətlərarası komissiyanın son iclasında əldə olunan razılaşmaların icrasını və ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.