ABŞ-ın texnologiya nəhəngi “Apple” Türkiyədə genişmiqyaslı təhsil və texnologiya investisiyası həyata keçirəcəyini açıqlayıb. Şirkət ölkənin müxtəlif bölgələrində beş proqramlaşdırma akademiyası, bir tərtibatçı mərkəzi və bir istehsalat akademiyası olmaqla ümumilikdə yeddi yeni mərkəz yaradacaq. Tədris proqramları pulsuz təşkil ediləcək.
MSNews.az xəbər verir ki, “Apple” noyabrın 9-da Türkiyəyə uzunmüddətli investisiya planını rəsmən elan edib. Şirkətin açıqlamasına əsasən, növbəti üç il ərzində beş “Apple Developer Academy” fəaliyyətə başlayacaq. İlk akademiyanın 2027-ci ildə İstanbulda açılması nəzərdə tutulur. Bu barədə “Anadolu Agentliyi” də məlumat yayıb.
Akademiyalar tələbələrə, proqram tərtibatçılarına, dizaynerlərə və sahibkarlara doqquz ay davam edən tam ödənişsiz intensiv təhsil proqramları təqdim edəcək. Tədris çərçivəsində proqramlaşdırma, tətbiq dizaynı, marketinq, layihələrin idarə edilməsi və süni intellekt texnologiyaları öyrədiləcək.
Bundan əlavə, 2027-ci ildə İstanbulda “Apple Developer Center” açılacaq. Mərkəz proqramçılara və startaplara “Apple” mütəxəssisləri ilə birbaşa işləmək, praktiki seminarlarda iştirak etmək və yeni texnologiyalardan yararlanmaq imkanı yaradacaq.
Şirkətin digər mühüm layihəsi isə 2028-ci ildə Ankarada açılacaq “Apple Manufacturing Academy” olacaq. ABŞ xaricində ilk belə istehsalat akademiyası olacaq mərkəzdə kiçik və orta sahibkarlara, tələbələrə və innovativ müəssisələrə pulsuz təlim və məsləhət xidmətləri göstəriləcək. Tədris süni intellekt, maşın öyrənməsi, robototexnika, avtomatlaşdırma və ağıllı istehsal texnologiyalarını əhatə edəcək.
“Apple”ın idarə heyətinin sədri Tim Kuk Türkiyədəki proqram tərtibatçılarının artıq bütün dünyada istifadə olunan tətbiqlər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, yeni investisiyalar yerli istedadların inkişafına, sahibkarların texnologiyalara çıxışına və innovativ bizneslərin qurulmasına dəstək verəcək.
“Hürriyet Daily News” nəşrinin məlumatına görə, Tim Kuk noyabrın 9-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər rəqəmsal texnologiyaların gələcəyini və “Apple”ın Türkiyənin tətbiq iqtisadiyyatına dəstəyini müzakirə ediblər.
Qeyd edək ki, “Apple Developer Academy” proqramı 2013-cü ildən fəaliyyət göstərir və hazırda dünyanın müxtəlif ölkələrində 19 akademiya mövcuddur. Türkiyədəki yeni akademiyalara müraciət tarixləri və qəbul şərtləri isə hələ açıqlanmayıb.