“Time” jurnalı 2025-ci il üçün “İlin Adamı” adını süni intellektin yaradılması və inkişafında mühüm rol oynayan aparıcı texnologiya liderlərinə verib. Nəşrin açıqlamasına görə, bu il süni intellekt sahəsində dönüş nöqtəsi olub və süni intellektin cəmiyyətə təsiri geri dönüşsüz mərhələyə keçib.
“Time” redaksiyası bildirib ki, süni intellekt memarları “düşünən maşınlar dövrünü yaxınlaşdırdıqları, insanlığı həm həyəcanlandırdıqları, həm də narahat etdikləri, mövcud reallığı dəyişdirdikləri və mümkün olanın sərhədlərini genişləndirdikləri üçün” bu ada layiq görülüblər.
Jurnalın üz qabığı məşhur “Göydələndə nahar” (“Lunch atop a Skyscraper”) fotosunun üslubunda hazırlanıb. Burada dünya texnologiya sektorunun ən nüfuzlu simaları birlikdə təsvir olunub: Mark Zukerberq, İlon Mask, “AMD” rəhbəri Liza Su, “Google”-un “DeepMind” şirkətinin baş direktoru Demis Hassabis, “Nvidia”-nın rəhbəri Censen Huanq, “OpenAI” baş direktoru Sem Altman, “Anthropic”-in rəhbəri Dario Amodei və “ImageNet”-in qurucusu Fey-Fey Li.
Bu addım 2025-ci ildə süni intellekt sahəsində sürətlə artan rəqabətin, texnoloji liderlik uğrunda mübarizənin və AI-nın qlobal miqyasda təsir gücünün daha da artdığını göstərir.