Azərbaycanın U-15 millisi Bakıda keçirilən FIFA Dünya Çempionatı və Festivalında ardıcıl ikinci qələbəsini qazanıb. Yığmamız turnirdəki növbəti qarşılaşmasında Andorranı 1:0 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, oktyabrın 25-də Hövsan Yarış Kompleksində keçirilən görüşdə baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi komanda rəqibi üzərində minimal hesablı qələbə qazanıb.
Qarşılaşmada yeganə qolu Həsən Məhmədov vurub. Bununla da, Azərbaycan millisi turnirdə keçirdiyi ilk iki oyundan qalib ayrılıb.
Görüşü AFFA prezidenti Rövşən Nəcəf və federasiyanın digər rəhbər şəxsləri də izləyiblər. Qarşılaşmadan sonra AFFA rəhbərliyi futbolçuları qələbə münasibətilə təbrik edib.
Xatırladaq ki, millimiz oktyabrın 24-də Bakı Kristal Zalında keçirilən açılış oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub etmişdi.
Azərbaycan millisinin növbəti rəqibi Avstraliya olacaq. Qarşılaşma bu gün, oktyabrın 25-də Bakı vaxtı ilə saat 19:30-da Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.
Yığmamız oktyabrın 26-da isə İsrail və Haiti komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünyanın 189 ölkəsinin iştirak etdiyi FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-dək davam edəcək.