Oqtay Saral vəzifəsindən uzaqlaşdırıldı

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə vəzifədən ayrıldığını təsdiqləyib. O, qərarın Azərbaycanla bağlı açıqlamaları ilə əlaqəli ola biləcəyini bildirib.

23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən ayrıldığını təsdiqləyib. O, qərarın Prezident Ərdoğanın göstərişi ilə verildiyini bildirib. Saral vəzifədən uzaqlaşdırılmasının Azərbaycanla bağlı səsləndirdiyi fikirlərlə əlaqəli ola biləcəyini də etiraf edib.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyəli jurnalist Talat Atilla Oqtay Saralla telefon danışığından sonra məlumat yayıb. Açıqlamanı “Ekonomim” və “Sözcü” nəşrləri də dərc edib.

Jurnalistin vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmadığı barədə sualına Saral belə cavab verib:

“Bəli. Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”.

Saralın Azərbaycanla bağlı açıqlamalarının qərara təsir edib-etmədiyi də soruşulub. O, bu suala “Bəli, elə görünür” cavabını verib.

Türkiyəli siyasətçi daha sonra əsas məsələnin Türkiyə Respublikasının maraqları və Prezident Ərdoğanın uğurları olduğunu vurğulayıb.

Xatırladaq ki, Oqtay Saral oktyabrın 12-də Azərbaycanda məktəbli forması və hicabla bağlı qaydaları tənqid etmişdi. O, sosial şəbəkə paylaşımında hicablı şagirdlərin təhsil hüquqlarının məhdudlaşdırıldığını iddia edərək mövcud yanaşmaya etirazını bildirmişdi.

Bu açıqlama Azərbaycanda narazılıq doğurmuş, bir sıra siyasi dairələr tərəfindən ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilmişdi.

Bundan əvvəl Türkiyənin “Günebakış” nəşri Saralın oktyabrın 26-da istefasını açıqlayacağını yazmışdı. Lakin baş müşavirin vəzifədən ayrılması barədə təsdiqi gözləniləndən bir gün əvvəl, oktyabrın 25-də yayılıb.

Beynəlxalq “Middle East Eye” nəşri də daha əvvəl Azərbaycan tərəfinin Saralın vəzifədən uzaqlaşdırılmasını Türkiyə hakimiyyətindən tələb etdiyini iddia etmişdi. Bununla belə, həmin iddia rəsmi şəkildə təsdiqlənməyib.

Saral vəzifədən ayrıldığını təsdiqləsə də, Türkiyə Prezident Administrasiyası qərarın konkret səbəbi barədə ayrıca rəsmi açıqlama yaymayıb.