ABŞ-ın Ukraynadakı səfir vəzifəsini icra edən Culi Devis yaxın həftələrdə Kiyevdəki postunu tərk edəcək.
“Reuters”-in məlumatına görə, ABŞ rəsmisi və Dövlət Departamenti Devisin vəzifədən ayrılacağını və diplomatik xidmətdən təqaüdə çıxacağını təsdiqləyib. Onun gedişi ABŞ-ın vasitəçiliyi ilə Ukrayna müharibəsini dayandırmağa yönəlmiş danışıqların dalana dirəndiyi bir vaxta təsadüf edir.
“Financial Times” isə mənbələrə istinadən yazır ki, Devisin ayrılmasının səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın Ukraynaya dəstək siyasəti ilə bağlı fikir ayrılıqlarıdır. Nəşrin məlumatına görə, diplomat Tramp administrasiyasının Kiyevə dəstəyinin azalmasından narazı qalıb.
Dövlət Departamenti bu iddianı rədd edib. Departamentin sözçüsü Tommi Piqott Devisin Tramp ilə fikir ayrılığına görə getdiyi barədə məlumatı “yanlış” adlandırıb və onun təqaüdə çıxdığını bildirib. Piqottun sözlərinə görə, Devis administrasiyanın Rusiya və Ukrayna arasında “dayanıqlı sülh” əldə etmək səylərini dəstəkləyib.
Culi Devis 2025-ci ilin mayından ABŞ-ın Kiyevdəki diplomatik missiyasına rəhbərlik edir. “The Kyiv Independent” yazır ki, onun iyun ayında vəzifədən ayrılması gözlənilir. Bu isə Rusiya mümkün yay hücumuna hazırlaşdığı və sülh danışıqlarının dayanmış vəziyyətdə olduğu bir dövrdə ABŞ-ın Kiyevdəki əsas diplomatik postunu yenidən qeyri-müəyyən vəziyyətə sala bilər.
Devisin gedişi ABŞ-ın Ukrayna siyasətində diplomatik narazılıqlar fonunda ikinci diqqətçəkən istefa kimi qiymətləndirilir. Ondan əvvəl ABŞ-ın Ukraynadakı səfiri Brayset Brink də postunu tərk etmişdi. “The Guardian” yazır ki, Devis Tramp dövründə Ukrayna üzrə vəzifədən ayrılan ikinci yüksək səviyyəli ABŞ diplomatı olacaq.
Hazırda Vaşinqtonun Kiyevdəki diplomatik missiyasına kimin rəhbərlik edəcəyi barədə rəsmi açıqlama verilməyib.